"VAZ-2107" əvvəl "ZİL"ə, sonra dirəyə çırpıldı - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
Xəzər rayonu Qala qəsəbəsindən Pirallahı qəsəbəsinə gedən yolda ağır avtomobil qəzası baş verib. Yüksək sürətlə hərəkət edən "VAZ 21-07" markalı avtomobil idarə etmənin itməsi nəticəsində qarşıda gedən "Zil"-ə çırpılıb. Zərbədən minik avtomobili yoldan çıxaraq, işıq dirəyinə girib. Güclü zərbədən minik maşınının sürücüsü, Gürcüstanın Bolinisi rayonunda anadan olmuş, 1983-cü il təvəllüdlü Əsgər Məmmədov elə hadisə yerində keçinib.
Ağır deformasiyaya uğramış "VAZ-2107"də sıxılmış sürücünün meyitini avtomobilin içərisindən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxararaq, hüquq mühafizə orqanlarına təhvil veriblər.
Hələdə hadisənin şokundan ayılmayan su maşınının sürücüsü, 1966-cı il təvəllüdlü Əşrəf Zeynalov qəzada heç bir günahı olmadığını deyir. Qala-Pirallahı yolunun kənarında yaşayan sakinlər deyirlər ki, yaşayış massivi olsa da, bir çox sürücü burada sürət həddinə əməl etmir. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Əlbəttə, bu heç nəyi dəyişməyəcək. Dəyişən sadəcə sürət həddinə əməl etməyən sürücünün həyatıdır.