Bakıda Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbir keçirildi

Bakı Olimpiya Stadionunda "Narınc" Uşaq Psixologiyası Mərkəzi və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzinin təşkilatçılığı ilə 2 aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə autizmli uşaqlar və onların valideynləri də iştirak edib.

 

"Narınc" Psixologiyası Mərkəzinin əməkdaşı Fəridə Qasımova tədbiri açaraq, onun mahiyyəti haqqında məlumat verib. O, 2014-cü ildə açıqlanmış statistikaya əsasən, autizmli uşaqların sayına görə ölkəmizin dünyada 3 yer tutduğunu qeyd edib. Ardınca Autizm günü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.

 

Psixologiya Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov Heydər Əliyev Fondunun bu qəbildən olan uşaqlara dəstəyindən söz açaraq, bu dəstəyin onların işinə müsbət təsir göstərdiyini qeyd edib. Mərkəz rəhbəri autizmli uşaqların sevgi ilə əhatələnməsinin onların reabilitasiya və cəmiyyətə inteqrasiyası prosesindəki önəmindən bəhs edib.

 

"Narınc" Uşaq Psixologiyası Mərkəzinin rəhbəri Narınc Rüstəmova isə autizm sindromunun mahiyyəti haqqında danışıb: "Autizm 7-ci ayından başlayaraq, uşaqların sosial sferada nitq və zehni inkişafdan geri qalmaqla özünü göstərən bir spektr pozuntusudur. Bu, bir xəstəlik deyil, fərqlilikdir, bir həyat tərzidir. Bu gün bizim tədbirimizdə digər uşaqlar da qonaqdır və sonda onlar üçün bir əyləncə təşkil olunacaq".

 

Qeyd olunub ki, keçirilən tədbirin əsas qayəsi cəmiyyətə autizmin bir xəstəlik deyil, sindrom olduğunu, bundan əziyyət çəkən uşaqların sevgi ilə əhatələnməsinin vacib olduğunu çatdırmaqdır. Autizm sindromlu uşaqların valideynləri göstərdikləri dəstəyə görə "Narınc"Uşaq Psixologiyası Mərkəzinə təşəkkür ediblər.

 

Rafə Nəcəfova, valideyn: "Biz 6 yaşında bildik ki, bizim övladımız autizmdən əziyyət çəkir. Bunun əlamətləri odur ki, eşidir, reaksiya verir, ancaq danışa bilmir. Nəyisə başa salmaq istəyir, ancaq əziyyət çəkir".

 

Digər söhbətimiz Leyla Əlizadənin övladı isə 2 yaşından autizm sindromludur: "Oğlum Dəniz indi 5 yaşına keçib. Dövlət bu cür uşaqlar üçün mərkəzlər açsa, hər gün aparıb gətirərik".

 

Keçirilmiş tədbir zamanı həmçinin Dünya Autizm Məlumatlandırma Günü münasibətilə hər il 136 ölkənin 600-dən çox şəhərində yerləşən tarixi-memarlıq abidələri autizmin rəmzinə çevrilmiş mavi işıqla işıqlandırıldığı vurğulanıb. Tədbir uşaqlar üçün nəzərdə tutulmuş əyləncəli hissəsi ilə davam etdirilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov