Mərkəzi Qan Bankı: Kifayət qədər qan ehtiyatımız var
Azərbaycan müharibə şəraitində olduğuna görə Mərkəzi Qan Bankında həmişə qan ehtiyatı olub. Bunu APA TV-yə açıqlamasında Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva deyib.
O bildirib ki, artıq iki gündür hər 4-5 saatdan bir Mərkəzi Qan Bankının ehtiyat hissəsindən cəbhə bölgəsinə qan göndərilir: "Xəstələr üçün hansı qruplar istənilib, o qanlar və əlavə ehtiyat qanlar göndərilib. Cəbhə bölgəsində Mərkəzi Qan Bankının 8 rayon bölmələri var, bu bölmələrdən biri də Bərdə Mərkəzi Rayon Xəstəxanasının tərkibindədir. Bərdə Qan Bankı səhər saatlarından bizdən yenidən qan tələb etdi və biz səhər həm xəstələrə, həm də ehtiyat üçün Bərdəyə qan göndərdik. Bu gün Goranboy xəstəxanasına və Naftalan xəstəxanasına da qan göndərilib. Səhər saatlarından bu günə kimi 60-a yaxın insan gəlib qan verib. Eynilə də rayon bölmələrinə insanlar qan verməyə gəlir".
Pərvanə Hacıyeva əlavə edib ki, gələn xəstələrə kömək məqsədilə mərkəzi rayon xəstəxanalarında ehtiyat qanlar saxlanılır: "Mərkəzi Qan Bankı bütün müraciətləri qəbul edir. Bütün xəstəxanalara ehtiyac varsa, qanla kömək etməyə hazırdır. Əhali Mərkəzi Qan Bankına və 8 rayonda olan bölmələrinə müraciət edə bilər. Çünki qan işlənərsə, tükənə bilər. Ona görə də insanlar istəsə, Mərkəzi Qan Bankına müraciət edə bilər".
Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının Qan Bankı bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Kazım Quliyev isə deyib ki, hazırda Silahlı Qüvvələrdə qan və qan komponentlərinə olan tələbat hospitalın Qan Bankı bölməsi tərəfindən tam təmin olunur. O bildirib ki, bütün qan və qan komponentləri Qan Bankı bölməsində var. Kazım Quliyev qeyd edib ki, bölmə hər zaman olduğu kimi, 24 saat fasiləsiz fəaliyyət göstərir.