Cəbhədə baş verənlər beynəlxalq səviyyədə müzakirəyə çıxarılacaq - Ziyafət Əsgərov, Səməd Seyidov
"Aprelin 2-də cəbhədə baş verən hadisələr cinayətkar təxribatlardır. Bu cinayət sözsüz ki, cavabsız qalmamalı idi. Artıq neçə illərdir ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə bu danışıqlar gedir, amma Azərbaycan tərəfinin dözüm həddi var. Çox təəssüflər ki, danışıqların nəticəsi yoxdur və son günlər cəbhədə baş verən hadisələrdən sonra ATƏT tərəfləri təmkinli olmağa çağırır. Azərbaycan bu təmkini 25 ildir göstərir". Bunu APA TV-yə müsahibəsində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
"Beynəlxalq təşkilatlar məsələyə bu cür yanaşanda, yəni atəşkəsin dayandırılması, sülh danışıqlarının davam etdirilməsinə özləri yardım etməlidirlər. Nə qədər status-kvo ola bilər ki? 25 il status-kvo olmaz. Həmsədr ölkələrin prezidentləri dəfələrlə bəyanat veriblər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Tanıyırlarsa, niyə bir nəticə yoxdur? Yaxşı olardı ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana təzyiq göstərsinlər. Təmas xətti Azərbaycanın torpaqlarında qurulub. Necə ola bilər ki, Azərbaycanın torpaqlarını işğal edib, işğal altındakı torpaqlarda təmas xətti qurasan, sonra da Azərbaycanı günahkar hesab edəsən? Hesab edirəm ki, Azərbaycan ordusu layiqli cavabını verdi və bundan sonra da belə təxribatlar olacaqsa, onlar layiqli cavablarını yenə alacaqlar" - deyə Z.Əsgərov bildirib.
Vitse-spiker qeyd edib ki, BMT TŞ-nın işğalı pisləyən dörd qətnaməsi var. Bundan başqa, Avropa Birliyinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Konfransı Təşkilatının və NATO-nun da sammitlərində dəfələrlə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təsdiq olunub. Belə olan halda isə Ermənistanın təxribatları cavabsız qalmamalıdır: "ATƏT-in Minsk Qrupu kimin təqsirkar olduğunu bilir. Belə bir vəziyyətdə bu təxribatlara son qoymağın vaxtı çatıb. Nə qədər ki, Ermənistanın qoşunları Azərbaycan ərazisindədir, belə təxribatlar olacaq və bu zaman hərbi qulluqçularımızı, mülki vətəndaşlarımızı itiririk. Artıq müxtəlif beynəlxalq təşkilatlara müraciət etmişik. Öz fikrimizi açıq şəkildə bildirmişik ki, beynəlxalq qurumlar da Ermənistana təzyiq etsinlər, bu cür təxribatlardan Ermənistan əl çəksin. ATƏT-in Minsk Qrupunun həmsədrləri bir dəfə də Ermənistana demirlər ki, siz işğalçısınız və qoşunları işğal etdiyiniz ərazilərdən çıxarın. İkili standart davam etdikcə, Ermənistan özünü cəzasız hiss etdikcə, bu cür cinayətlərin sayı artacaq. Dözümün də bir həddi var. Azərbaycan Ordusu istənilən halda erməni təxribatının qarşısını almağa hazırdır".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə APA TV-yə açıqlamasında deyib ki, cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycan bütün beynəlxalq təşkilatlara müraciət edib: "Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi Avropa Şurasının prezidenti cənab Tyorbyorn Yaqlanda məktub göndərmişəm. Bəzi beynəlxalq təşkilatlar ermənilərin başına sığal çəkərək, onların bu cür provokasiyalarına şərait yaradıblar. Əgər xatırlayırsınızsa, Avropa Şurasına Dağlıq Qarabağla bağlı sənəd təqdim olunmuşdu, amma bunu qəbul etmədilər. Həmin sənədin qəbul edilməməsi erməni militarizminin, erməni cinayətkarlarının əl-qolunu daha da açıb. Onlar artıq hesab edirlər ki, ermənilərə heç kim heç nə deyə bilməz. Ona görə də ermənilər provokasiya və cinayət törətməkdən əl çəkmirlər. Bu gün beynəlxalq təşkilatlara etdiyimiz müraciətin əsas bəndlərindən də biri də ondan ibarətdir ki, separatist qüvvələrlə oyun oynayan cinayətkarların başına sığal çəkən qüvvələr vaxt gəlib çatacaq ki, özləri də o problemlə qarşılaşacaqlar. Ona görə də beynəlxalq təşkilatlar erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması ilə bağlı bəyanatlar verməli və əməli, konkret işlər həyata keçirilməlidir".
Səməd Seyidovun fikrincə, Azərbaycan tərəfi birtərəfli qaydada atəşi dayandırmaqla dünyaya bir daha sübut etdi ki, münaqişənin sülh yolu ilə həll edilməsində israrlıdır.