Əli Əhmədov: "Rusiyanın hakimiyyətə yaxın mətbuat orqanlarının anti-Azərbaycan mövqeyini anlamaq mümkün deyil"

"Rusiyanın hakimiyyətə yaxın mətbuat orqanlarının anti-Azərbaycan mövqeyini anlamaq mümkün deyil". APA TV-nin xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

 

O, Rusiyanın münaqişə tərəflərinin hər hansı birinə xüsusi münasibətini göstərməkdən çəkinməli olduğunu da sözlərinə əlavə edib: "Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bu kontekstdə Rusiyanın hakimiyyətə yaxın mətbuat orqanlarında anti-Azərbaycan mövqeyinin sərgilənməsini, yumşaq şəkildə desək, başa düşmək mümkün deyil. Vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır. Münaqişədə olan tərəflərin hər hansı birinə öz dəstəyini göstərməkdən, sadəcə, çəkinməlidir. Bəzi hallarda biz bunun əksini görürük". 

 

Əli Əhmədov ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub: "Bir halda ki, söhbət Minsk Qrupundan düşüb, bu münaqişənin indiyədək nizama salınmamasının çox mühüm səbəblərindən biri də Minsk Qrupunun öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilməməsi olub. Bu yaxınlarda Azərbaycan prezidenti bununla əlaqədar təkcə prezident olaraq deyil, həm də Azərbaycan cəmiyyətinin mövqeyini çox gözəl ifadə etdi. Əgər Minsk Qrupu indiyə qədər ədalətli mövqe tutsaydı, işğalçı ilə işğal olunanı tərəzinin eyni gözünə qoymağa çalışmasaydı, münaqişəni nizama salmaq üçün ədalətli resept təklif etsəydi, yəqin ki, münaqişə aradan qalxardı, indi də Cənubi Qafqazda gərginliyə gətirib çıxaran qarşıdurma olmazdı".

Müəllif | Apa.Tv
Fərid Rəsulov