Sumqayıtda 17 gün əvvəl evində öldürülən qadının qatili tutuldu
Sumqayıtda 17 gün əvvəl 45 yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirən şəxs tutulub. Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 18-də Arzu Nəcəfovanı bıçaqla qətlə yetirmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 23 yaşlı Eldəniz Çingiz oğlu Hacıyev tutulub.
APA-nın əldə etdiyi məlumata görə, Eldəniz Hacıyev sentyabrın 18-də cinsi münasibətdə olmaq üçün mərhumun yaşadığı ünvana gəlib, bu zaman onların arasında mübahisə düşüb. Mübahisə zəminində Eldəniz Hacıyev çoxsaylı bıçaq zərbələri ilə Arzu Nəcəfovanı qətlə yetirib.
Sentyabrın 25-də Arzu Nəcəfovanın qətlə yetirilmiş meyiti Sumqayıt şəhəri 14-cü məhəllə, ev 12/21 ünvanında kirayədə yaşadığı mənzildə tapılıb.