ABŞ Dövlət Departamenti: "Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa çağırırıq"
ABŞ Dövlət Departamenti Azərbaycanın işğal altında olan ərazilərindəki qoşunların təmas xəttində yaranmış gərginliyə münasibət bildirib.
APA TV-nin məlumatına görə, Dövlət Departamentinin nümayəndəsi Mark Toner gündəlik brifinqdə bəyan edib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağda gərginliyin artması ilə əlaqədar öz narahatlığını ifadə edib: “Biz Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa çağırırıq. Atəşkəsə və davamlı sülhə nail olmaq Ermənistan və Azərbaycan liderlərinin siyasi iradəsindən asılıdır. ABŞ Minsk Qrupunun həmsədrlərindən biri kimi tərəfləri danışıq masasına qaytarmaq üçün cəhdlərini davam etdirəcək”.
Mark Toner deyib ki, Vaşinqton Minsk Qrupunun fəaliyyətini dəstəkləyir: “Həmçinin həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT nizamnaməsi və Helsinki Yekun Aktı, xüsusilə gücdən istifadə etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə uyğun nizamlanması üçün vasitəçilik cəhdlərini dəstəkləyirik”.
Mark Toner əlavə edib ki, vasitəçilər Minsk Qrupu prosesi çərçivəsində davamlı sülhə nail olmağa çalışır.