Azərbaycan Ordusunun şəhid əsgərləri dəfn olunur
BİLƏSUVAR. Aprelin 3-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Fərahim Nadir oğlu Novruzov doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndindəki qəbiristanlıqda dəfn olunub.
APA TV-nin cənub bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırılıb. Fərahim Novruzovun tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olunub.
Bu gün Biləsuvarda daha bir şəhidin dəfn mərasimi keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, aprelin 4-də Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 23 yaşlı Hüseyn Zeynal oğlu Dəmirli Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgərləri, ictimaiyyət nümayəndələri, yerli sakinlər iştirak ediblər.
Yaylım atəşindən sonra şəhidin nəşi uğrunda qurban getdiyi torpağa tapşırılıb.
BAKI. Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan Müşfiq Arif oğlu Orucov bu gün dəfn edilib.
APA TV-nin məlumatına görə, 1994-cü il təvəllüdlü M.Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Şəhidin cənazəsi ötən gecə yaşadığı ünvana gətirilib.
Şəhid Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Mərasimdə Zəngilan və Xətai Rayon İcra hakimiyyətlərinin başçıları, Müdafiə Nazirliyinin zabitləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tabuta sərilən döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub.
Sonra havaya 3 dəfə yaylım atəşi açılıb.
Qeyd edək ki, Müşfiq Orucov 2011-ci ildə keçirilən qəbul imtahanında 700 bal toplayaraq, ali məktəbə daxil olmuşdu.
GƏNCƏ. Ötən gün cəbhənin Tərtər istiqamətində şəhid olan hərbçimiz, 1983-cü il təvəllüdlü kapitan İnqilab Çingiz oğlu Quliyev Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, ali təhsil müəssisələrinin tələbələrinin də qatıldığı tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və şəhidin döyüş yoldaşları iştirak edib.
Şəhidin büründüyü Azərbaycan bayrağı atasına təqdim olunub.
Şəhid İnqilab Quliyev evli idi, iki azyaşlı övladı yadigar qalıb.
ŞƏMKİR. Cəbhədə erməni təxribatı nəticəsində yaranan hərbi toqquşmalar zamanı şəhid olan Şəmkirin Tatar kənd sakini, 1997-ci il təvəllüdlü əsgər Nurlan Cəmil oğlu Qasımov bu gün doğulub boya başa çatdığı Şəmkirin Tatarlı kəndində son mənzilə yola salınıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, dəfn mərasiminə Müdafiə Nazirliyinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin, Şəmkir rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin döyüş yoldaşları və xeyli sayda rayon sakini qatılıb.
Nurlan Qasımovun nəşi Tatar kənd qəbiristanlığına izdihamın müşayiəti ilə aparılıb. Azərbaycanın dövlət bayrağı şəhidin atasına təqdim olunub. Daha sonra dövlət himnimizin sədaları altında yaylım atəşi açılıb.
ŞƏKİ. Cəbhə xəttinin Tərtər rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Şəkinin iki şəhidindən biri - Azərbaycan Ordusunun giziri, 24 yaşlı Orxan Kazım oğlu Hümbətov doğulduğu Şəki rayonunun Kiş kəndində dəfn olunub.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, Orxan Hümbətov Kiş qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub.
Mərasimdə Şəki rayonunun rəsmiləri, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin dəfnindən sonra xatirəsinə yaylım atəşi açılıb.
Şəkinin ikinci şəhidi - 23 yaşlı əsgər Vüqar Süleymanov isə Böyük Dəhnə kəndində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, minlərlə Şəki sakini iştirak edib. Şəhid Vüqar Süleymanov əsgərlərin yaylım atəşləri altında torpağa tapşırılıb.
Qeyd edək ki, Vüqar Süleymanov Böyük Dəhnə kəndinin sayca 17-ci şəhididir. O, 2015-ci ilin iyul ayında Bakı Slavyan Universitetini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmışdı.
SUMQAYIT. Azərbaycan Ordusunun cəbhə xəttində gedən döyüşlərdə həlak olan hərbi qulluqçuları - polkovnik-leytenant Raquf Cahangir oğlu Orucov və müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu Murad Vaqif oğlu Məmmədovun dəfn mərasimi Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında keçirilib.
APA TV-nin xəbərinə görə, dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin döyüş yoldaşları iştirak edib.
Şəhidlər yaylım atəşi açılandan sonra torpağa tapşırılıb. Sonda şəhidlərin cənazəsinə sarılmış dövlət bayrağı onların valideynlərinə təqdim olunub.
Qeyd edək ki, polkovnik-leytenant Raquf Cahangir oğlu Orucov 1972-ci ildə Ağdam rayonunda, əslən Biləsuvar rayonundan olan Murad Vaqif oğlu Məmmədov isə 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.
Allah rəhmət eləsin!