Bədən Tərbiyəsi və İdman Akademiyasında “Qarabağa dəstək” tədbiri keçirildi
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) stadion kompleksində “Qarabağa dəstək” adlı tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, Akademiyanın professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə Azərbaycan-Ermənistan qoşunların təmas xəttində şəhid olan Azərbaycan hərbçilərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açıq elan edən Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, Ermənistan silahlı bölmələrinin təxribatlarına Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavab verib: “Düşmənə layiqli cavab verilib. Bizim məğrur Ali Baş Komandanımız, güclü dövlətimiz, qüdrətli ordumuz var. Artıq qələbələrimiz ardıcıl olacaq”.
Rektor qeyd edib ki, son günlər cəbhədə baş verən hadisələrin fonunda Akademiyanın tələbələri mübariz əhval-ruhiyyədədir.
Daha sonra Akademiyanın müəllim və tələbələri çıxış ediblər. Bildirilib ki, I Qarabağ müharibəsində Akademiyanın 33 məzunu şəhid olub.
Tədbirdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirilib.