Oqtay Əsədov: "Qarabağda cavan erməni yoxdur"
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasın gündəliyinə 21 məsələ daxil edilib.
Milli Məclisin iclası şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. İclası açıq elan edən spiker Oqtay Əsədov əvvəlcə son günlər cəbhədə baş verən gərginliyə münasibət bildirib. O qeyd edib ki, həmişə Azərbaycan yüksək nailiyyətə nail olanda Ermənistan təxribata əl atıb: “Əvvəllər olduğu kimi, son günlər törədilən təxribata da Azərbaycan Ordusu layiqli cavab verdi. Ordumuz güclü əməliyyat keçirərək, Ermənistana həddini göstərdi”.
Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycan Milli Məclisi də cəbhədə baş verənlərlə bağlı bəyanat verə bilər: “Qeyd oluna bilər ki, biz insanların ölümünü istəmirik. Ancaq Ermənistan ordusu da işğal edilən ərazilərdən çıxmalıdır. Bundan sonra sülh danışıqlarına gedilə, Ermənistan bölgədə həyata keçirilən layihələrə qoşula bilər. Mən əmək haqqımın bir hissəsini Silahlı Qüvvələrin yardım fonduna köçürəcəyəm. Bu, təkcə maddi məsələ deyil, həm də ordu ilə birgə olmağımızın göstəricisi olardı. Bütün imkanlı insanları bu təşəbbüsə qoşulmağa dəvət edirəm. Bu proses davam etməlidir”.
Spiker Oqtay Əsədov isə deyib ki, Azərbaycan prezidenti Təhlükəsizlik Şurasının toplantısında mövqeyini ortaya qoyub: “Açıq ifadə olundu ki, əgər erməni əsgərləri ölmək istəmirsə, Azərbaycan ərazilərindən çıxmalıdır. Bu mənada xüsusi bəyanata ehtiyac görmürəm. XİN də mövqeyini ifadə edib”.
Deputat Qənirə Paşayeva cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlar üçün güzəştlərin tətbiq edilməsi təklif edib. O, ordumuzun son uğurlu əməliyyatları zaman şəhid olan hərbçilərimizin və ya onların ailələrinin banklara olan borcların banklar tərəfindən silinməsini təklif edib.
Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, artıq səfərbərlik idarələrində könüllü şəkildə cəbhəyə döyüşə getmək üçün növbələr düzülüb: “Yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı silahlı qüvvələrimizin sırasında döyüşməyə hazır olduğunu bəyan etdi. Artıq beynəlxalq təşkilatlar başa düşdü ki dondurulmuş münaqişə sülh demək deyil. Münaqişə hər an başlaya və çox ağır nəticələri ola bilər”.
Milli Məclisin sədr müavini Bahar Muradova seçildiyi ərazi olan, hazırda döyüşlərin getdiyi Füzuli rayonu ilə bağlı səfər təfərrüatlarını bölüşüb. Bahar Muradova bildirib ki, təmas xəttində yaşayan əhali yüksək əhval-ruhiyyədədir: “İnsanlar öz işində-gücündədir. Belə fikirlər var idi ki, guya müharibəni görməyənlər Qarabağda savaş başlayarsa, ona az maraq göstərəcəklər. Son günlər baş verənlər isə bu fikirləri alt-üst etdi. Gənclərimizdən cəbhəyə getmək üçün xeyli müraciətlər var. Bu da onlarda olan döyüş ruhunu göstərir”.
Milli Məclisin sədri Oqtay Əsədov cəbhədə baş verən hadisələrin sosial şəbəkələrdə işıqlandırılması mövzusunda danışıb. Spiker Bahar Muradovanın fikri ilə razılıq ifadə edərək bu istiqamətdə ehtiyatlı olmağı lazım bilib: “Dünən Ermənistanın bəzi saytlarına baxdım. Bir saytda qeyd edilirdi ki, Qarabağda döyüşə gedənlər 90-cı illərdə vuruşanlardır. Ağsaqqal adamlardır, yaşları 50-70 civarındadır. Qarabağda cavan erməni yoxdur. Orada müharibəyə gələnlər Ermənistan vətəndaşlarıdır”.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov qeyd edib ki, artıq beynəlxalq təşkilatlar hərəkətə keçərək Azərbaycanın mövqeyini dəstəkləyirlər: “Dərk edirlər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil”.
Cari məsələlərin müzakirəsindən sonra Milli Məclis bəzi məcəllə və qanunlara dəyişiklik edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul olunub.