Qax rayonunda əlil və şəhid ailələrinə mənzil verildi
Qax rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış binasının açılışı olub. Həmçinin, 8 ədəd minik avtomobili müharibə əlillərinə təqdim olunub.
İki otaqlı mənzillər müasir istilik sistemləri və məişət avadanlıqları ilə təmin edilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Əlkəbərov, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, mənzil və avtomobil alan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvüləri və müvafiq qurumların nümayəndələri iştirak edib. Qarabağ əlilləri və şəhid ailələri onlara göstərilən böyük diqqət və qayğıya görə, minnətdarlıqlarını bildiriblər.
ƏƏSMN-dən APA TV-yə verilən məlumata görə hazırda əlil və şəhid ailələri üçün Bərdə, Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları da inşa olunur. Həmin binaların i ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, son 10 ildə müharibə əlillərinə 2800-dən çox maşın təqdim edilib.