Çavuşoğlu: "Ankara Bakını müharibəyə təhrik etmir"
"Türkiyənin Azərbaycana kömək etməyə hazır olması Ankaranın Bakını müharibəyə sürükləməsi mənasına gəlmir". APA TV-nin xəbərinə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.
“Türkiyənin lazım gəldikdə, Azərbaycanı dəstəkləməyə hazır olması barədə bəyanatı Ankaranın Bakını müharibəyə təhrik etmək mənasına gəlmir. Biz qardaş Azərbaycana əsgərlərin həlak olması ilə bağlı başsağlığı veririk”, - deyə Mövlud Çavuşoğlu İranın Ramsar şəhərində azərbaycanlı və iranlı həmkarları Elmar Məmmədyarov və Məhəmməd Zəriflə görüşünün yekununda bildirib.
“Hansısa ölkə gəlib Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsini işğal edir, sonra da Azərbaycan və Türkiyəni günahkar göstərməyə çalışır. Bu cür mövqe həm İslama, həm də insanlığa ziddir. Səmimi və ədalətli olmaq lazımdır. İşğal olunan ərazilər Azərbaycana məxsusdur”, - deyə Çavuşoğlu qeyd edib.