Sabunçuda qəza: sürücü oturacağı ilə birlikdə yol kənarına düşdü
Ötən gecə paytaxtın Sabunçu rayonunda yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, Sabunçu-Zabrat yolunda hərəkətdə olan "MAZ" markalı yük avtomobilində nasazlıq yaranıb. Nəticədə sürücü idarəetməni itirib və yük maşını yol kənarındakı səkiyə çırpılıb.
Zərbənin təsirindən sürücü oturacağı ilə birlikdə avtomobildən çıxaraq yol kənarına düşüb. Hadisə zamanı sürücü xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Hadisə yerinə yol polis əməkdaşları və Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi gəlib. Qəzanın baş vermə səbəbləri araşdırılır.