Rusiyalı hərbi ekspert: "Ermənistan məğlubiyyətə məhkumdur"

Rusiyanın tanınmış hərbi icmalçısı Pavel Felqenhauer Dağlıq Qarabağda yaranmış son vəziyyəti şərh edib.

 

APA TV-nin "Vesti.Az"a istinadən xəbərinə görə, ekspert eyni zamanda Azərbaycan və Ermənistanın hərbi potensialını da dəyərləndirib.

 

«Hazırda Dağlıq Qarabağda qeyri-stabil vəziyyət hökm sürür və Ermənistanın məğlubiyyət astanasında olduğu aydındır. Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələrindən texnoloji baxımdan xeyli geridədir. Azərbaycan ordusunun müharibəyə hazırlığı isə əksinə, bu cəhətdən daha yaxşı təşkil olunub. Malik olduğu pilotsuz uçan aparatları sayəsində Azərbaycan asanlıqla erməni mövqelərinin dərinliklərinə doğru irəliləyə və kəskin zərbə endirməklə istənilən mövqeni darmadağın edə bilər. Bu faktları son üç gün ərzində cəbhə xəttində yaşanan hadisələr də təsdiq edir. Buna görə də hazırkı durumda Ermənistanın hücum taktikası seçməsi onun özü üçün mənfi nəticələrə gətirib-çıxaracaq. Çünki bu müharibədə Ermənistanın məğlubiyyətə məhkum olduğu açıq-aşkardır və bunun da əsas səbəbi Azərbaycanın texnoloji üstünlüyüdür».

 

P.Felqenhauer təmas xəttində gərginliyin artacağı təqdirdə,  Ermənistanı gözləyəcək aqibəti də dəyərləndirib: «Ermənistan Rusiyadan pilotsuz uçan aparatlar əldə etməli və ordunu daha müasir texnika ilə təchiz etməlidir. Əgər ölkə hazırkı şərtlər altında, daha dəqiqi, gərginliyin artması şəraitində müharibəni davam etdirməli olsa, heç şübhəsiz ki, bu, Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnəcək».  

 

Rusiyanın bölgədə artan gərginlik fonunda atacağı addımları da dəyərləndirən Pavel Felqenhauer rəsmi Moskvanın çıxılmaz vəziyyətdə olduğu qənaətindədir:

 

«Rusiya bölgədəki artan gərginliyi yetərincə qiymətləndirməyib. Moskva vəziyyətə yalnız siyasi kontekstdə müdaxilə edə, tərəfləri hərbi əməliyyatlardan çəkinməyə və danışıqlara başlamağa məcbur edə bilər. Çünki bu fakt Rusiyanın strateji maraqlarına cavab vermədiyindən, Rusiya Ermənistana hərbi dəstək göstərmək niyyətində deyil. Ən azından Azərbaycanla münasibətlərin pozulması Moskvanın marağında deyil. Məhz buna görə də Moskva regionda atəşin dayandırılması istiqamətində səylər göstərir».

 

Hərbi ekspert münaqişənin müharibə yolu ilə nizamlanmasına skeptik yanaşır. Onun sözlərinə görə, Dağlıq Qarabağdan başqa həm də 7 rayonun işğal edildiyi və uzun illər boyu aparılan danışıqların heç bir nəticə vermədiyi bir zamanda, danışıqlar prosesinin münaqişənin həlli ilə nəticələnəcəyinə inanmaq çox çətindir.

 

Pavel Felqenhauer Rusiya mətbuatının ermənipərəst mövqeyini də dəyərləndirərək, bunu ölkədəki kütləvi informasiya vasitələrinə rəhbərlik edənlərin əsasən ermənilərdən ibarət olması ilə əlaqələndirib.

Müəllif | Apa.Tv
Apa.tv