Sabah Azərbaycanda 22 dərəcə isti olacaq
Aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.