Fəttah Heydərov: “Ordumuz böyük uğur qazanıb, öz gücünü göstərib”

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hadisələrlə bağlı tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbir cəbhədə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, cəbhədə son günlər baş verənlərlə bağlı Azərbaycan ağsaqqalları böyük fəxarət hissi keçirir: “Vaxtilə Azərbaycanın səriştəsiz rəhbərlərinin günahı ucbatından torpaqlarımız işğal olunub. Lakin bu gün Azərbaycan xalqı öz prezidentinin ətrafında sıx birləşib. Heç bir qüvvə Azərbaycanın birliyini sarsıda bilməz. Bu gücün, bu siyasətin nəticəsində İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız Azərbaycana qaytarılacaq”.

 

F.Heydərov əlavə edib ki, Azərbaycan-Ermənistan münaqişəsinin ədalətli həlli üçün ilk addımlar atılıb: “Ordumuz böyük uğur qazanıb, öz gücünü, öz cəsarətini göstərib. Dünya miqyasında bizim qələbəmiz tanındı. Bütün dünya Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğuna bir daha inandı. Azərbaycan istənilən məsələdə öz haqq işini müdafiə etməyə qadir olduğunu göstərdi. Bizim prezidentimiz hər zaman deyir ki, bizim güclü, müasir ordumuz var. Son hadisələr bu fikri həqiqətə çevirdi”.

 

Millət vəkili qeyd edib ki, Azərbaycan regionda sülh istəyir: “Azərbaycan regionda müharibə istəmir. Belə bir zamanda bizim səbrimizdən istifadə edən yağı düşmən işğal etdikləri ərazilərdə sakit dayanmadı. Bizim cəbhəyanı ərazilərimizə, mülki əhalimizə atəş açdılar. Biz şəhidlər verdik, qələbə olan yerdə şəhidlər də olmalıdır. Düşmən gücümüzü hiss etdi, bunu gördü”.

 

Akademik Teymur Bünyadov qeyd edib ki, cəbhədə son baş verən hadisələrin fonunda insanlar, gənclər ruhlanıb: “Bu gün gənclərin qarşısını almaq mümkün deyil. Bu, böyük başlanğıcdır. Dünya, habelə bizim nankor düşmənlərimiz gördü ki, biz kimik. Onlar bizim gücümüzü gördülər. Çox yaxın vaxtlarda daha böyük uğurlar qazanacağıq”.

 

Tədbirdə çıxış edən digər şura üzvləri də Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə son uğurlarından ruhlandıqlarını, böyük qürur hissi keçirdiklərini qeyd ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv