Bal sərgisindən kim nə qədər qazandı? - REPORTAJ

Əvvəlcə onu deyim ki, yarmarka başlayan gün ölkənin 41 rayonundan  320 arıçı istehsal etdikləri arıçılıq məhsulları ilə gəlmişdi. Təxminən 500 ton bal, 60 kq çiçək tozu, 5 kq arı südü satışa çıxarılmışdı. Kənd Təsərüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov APA TV-yə deyir ki, bu günə kimi yarmarkaya gətirilən məhsulların 80 faizi satılıb.  

 

Bu ilki yarmarkada ən az bal satan arıçı 100 kq, ən çox bal satan isə 1 ton olub. Naxçıvandan gələn Sərdar dayı deyir ki, uzun yol qət edib gəlməsinin bəhrəsini görüb.

 

Yarmarkaya gələndə düşünürdüm ki, son gün olduğundan burada az adama rast gələcəyik. Amma ilk gündə olduğu kimi elə bir insan sıxlığı vardı ki, iynə atsan, yerə düşməzdi. Sanki alıcılar da bir qədər çoxbilmişlik edib bazarın son gününü gözləyiblər ki, qiymətlər bir qədər aşağı düşəcək.

 

Amma hər işin xeyiri olduğu kimi ziyanlı tərəfləri də olur. Bal haram götürməz deyillər. Elə builki yarmarkada da kifayət qədər keyfiyyətsiz bal satan şəxslər olub. 15 şikayət əsasında 41 nəfər keyfiyyətsiz bal satdığına görə yarmarkadan uzaqlaşdırılıb. Nazirliyin rəsmisi deyir ki, alıcılar bal alarkən, həmin satıcının vizit kartı ilə bərabər onun şəxsiyyətini təstiq edən sənədi də istəsinlər. Aldıqları balın keyfiyyətindən narazı olsalar, həmin şəxsdən nazirliyə şikayət etsinlər.

 

Cingiz Fərəcov deyir ki, həmin şəxslər barəsində inzibati tədbirlər görülür. Onların əhalini bir daha aldatmaması üçün gələcəkdə keçiriləcək sərgilərdə iştirakına qadağa qoyulub.

 

Müəllif | Apa.Tv