Prezident İlham Əliyev: “Bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu”
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib. APA TV-nin məlumatına görə, Azərbaycanın dövlət başçısı bildirib ki, Dağlıq Qarabağda qoşunların təmas xəttindəki vəziyyət narahatlıq doğurur.
“Hamıya bəlli olduğu kimi, son günlər qoşunların təmas xəttində insan tələfatı ilə müşahidə olunan gərgin vəziyyət yaranıb. Əlbəttə ki, bu, həm dünyada, həm regionda, həm də ictimaiyyət arasında narahatlıq doğurur.”
Prezident qeyd edib ki, Rusiya bu dəfə yenə təşəbbüs göstərib və Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma əldə edilib:
“Biz hesab edirik ki, bu, regionda vəziyyətin gərginləşməsinə imkan verməməyin yeganə yoludur. Atəşkəs rejiminə riayət olunurdu. Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu. Biz danışıqlar prosesinin davam etdirilməsinə köklənmişik. Bu gün mən ATƏT-in Minsk qrupunun həmsədrlərini - səfirləri qəbul etdim. Onlara da dedim və indi mətbuat qarşısında da demək istəyirəm ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir. Biz bu münaqişəni sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimləmək istəyirik”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Rusiyanın təklifləri var.
“Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik. Bu barədə həm bu gün, həm də sabah söhbət edəcəyik”.
Sergey Lavrov bildirib ki, yaxın vaxtlarda hansısa etimad tədbirləri görmək və siyasi prosesin bərpası üçün zəruri şərait yaratmaq vacibdir.