İtaliyanın baş naziri Neapolda etirazlarla qarşılandı

İtaliyanın baş naziri Matteo Renzinin Neapola səfəri şəhərdə iğtişaşlara səbəb olub. APA TV-nin məlumatına görə, baş nazirin səfəri ilə əlaqədar keçirilən etiraz aksiyası toqquşmalarla nəticələnib.

 

Hökumətin siyasəti əleyhinə aksiyada tələbələr və “sosial mərkəzlər” adlanan ayrı-ayrı ictimai komitələrin nümayəndələri iştirak ediblər. Aksiya Neapolun sahil ərazisində keçirilib.

 

Yürüş başladıqdan bir qədər sonra aksiyanın radikal əhval-ruhiyyəli iştirakçıları ictimai asayişə nəzarət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və tüstü şaşkaları atıblar. Polis əməkdaşları isə buna cavab olaraq su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər. Toqquşmalar zamanı həm aksiya iştirakçıları, həm də polis əməkdaşları arasında xəsarət alanlar olub.

 

Baş nazir Matteo Renzinin Neapola səfərindən bir qədər əvvəl baş verən insidentdən sonra nümayişçilər dağıdılıb, aksiyanın qarşısı alınıb. Lakin bundan sonra şəhərin mərkəzi polis tərəfindən mühasirəyə alınıb, təhlükəsizlik tədbirləri gücləndirilib.

Müəllif | Apa.Tv
Apa.tv