Beynəlxalq Audit Qurumlarının Avropa Təşkilatının Bakıda keçirilən toplantısı başa çatdı

"Son illərdə istər təbii, istərsə də insan faktorunun təsirindən yaranan fəlakət və qəzaların sayı artmaqdadır. Bu isə ümumilikdə sosial və demoqrafik amillərlə yanaşı, dünya ölkələrinin iqtisadiyyatına xeyli dərəcədə maddi ziyan vurur. Bununla əlaqədar olaraq Ali Audit Qurumları qarşısında yeni vəzifələr ortaya çıxır və biz də öz növbəmizdə İşçi Qrupun üzvləri olaraq qarşımızda duran vəzifələri icra edirik, lakin yenə də çalışacağıq ki, bundan sonra da bütün vəzifələri eyni qətiyyətlə və səmərə ilə yerinə yetirək".

 

APA TV-nin məlumatına görə, bunu Bakıda keçirilən EUROSAI-ın (Beynəlxalq Audit Qurumlarının Avropa Təşkilatı) Fəlakətlərə və Qəzalara Ayrılmış Vəsaitlərin Auditi üzrə İşçi Qrupunun 2-ci Toplantısının ikinci iş günündə Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib: "Bu gün bu sahədə bilik və təcrübələrimizi paylaşmaq və əməkdaşlıq etmək üçün bura toplaşmışıq. Ali Audit Qurumları olaraq bizlər bu fəaliyyətin  düzgün təşkili və şəffaflığın təmin edilməsində önəm daşıyırıq və bu sahədə qəbul edilmiş Ali Audit Qurumlarının Beynəlxalq Standartlarının tətbiqi fəaliyyətimizin daha da gücləndirilməsinə kömək edir və edəcək".

 

Azərbaycanın Hesablama Palatası da daxil olmaqla EUROSAI-ın 9 üzvünün iştirak etdiyi, ilk toplantısı Lüksemburq şəhərində keçirilən EUROSAI-ın İşçi Qrupunun 2-si müşahidəçi olmaqla 20 üzvü var.

 

Ukrayna Hesablama Palatasının sədri Roman Maqutanın, İtaliya Hesablama Məhkəməsinin prezidenti Raffaele Squitierinin açılış nitqindən sonra Ukrayna Hesablama Palatasının üzvü Mariya Şuleşkonun moderatorluğu ilə toplantının plenar sessiyası keçirilib.

 

Ukrayna Hesablama Palatasının beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Mixaylo Tolstanov "Fevral 2015 - Mart 2016 müddətində İşçi Qrupun fəaliyyəti barədə" hesabat təqdim edib.

 

Daha sonra Türkiyə, İndoneziya, Ukrayna, Azərbaycan, Bolqarıstan, İtaliya, Polşa Ali Audit Qurumlarının məsul əməkdaşları tərəfindən müxtəlif mövzularda təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb, Ukrayna, Belarus və Polşa Ali Audit Qurumları tərəfindən aparılmış "Bug çayının çirklənmədən mühafizəsi üzrə tövsiyələrin tətbiqi ilə bağlı beynəlxalq koordinasiyalı auditlərin ilkin nəticələri" ilə bağlı məruzə müzakirə edilib. Sessiyaya Ukrayna Hesablama Palatasının üzvü Mariya Şuleşko yekun vurub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı