FHN Bakıdakı 71 saylı orta məktəbdə maarifləndirmə tədbiri keçirdi
FHN-in Bakı Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə paytaxtın Sabunçu rayonundakı 71 saylı tam orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib.
APA TV-nin xəbərinə görə, nüxtəlif təbii və texnogen fövqəladə hallar, eləcə də həmin hallar zamanı hərəkət qaydalarına həsr olunmuş məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın və nəqliyyat qəzaları zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları”, “Yanğın təhlükəsizliyi” mövzularında çıxış ediblər.
Mərasim iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları, fövqəladə hallarda davranış qaydaları mövzusunda videoçarxlar nümayiş etdirilib.
Daha sonra yanğın hadisəsində axtarış-xilasetmə tədbirlərinin əyani şəkildə nümayiş etdirilməsi məqsədilə məktəbdə şərti yanğın vəziyyəti yaradılıb. Şagirdlərə yanğının qarşısının alınması, eləcə də təxliyə, zərərçəkənlərə ilkin yardım göstərilməsi prosesi əyani şəkildə təqdim olunub.
Maarifləndirmə tədbirinin sonunda Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlıqları nümayiş olunub. Nazirlik əməkdaşları tədbir iştirakçılarına xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texniki avadanlıqlar, xilasetmə və üzmə vasitələri haqqında ətraflı məlumat verib.
Eyni zamanda şagirdlər yanğınsöndürmə texnika və vasitələrinin təyinatı, ondan istifadə qaydaları, fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları barədə də ətraflı informasiya əldə ediblər.