Lavrov: "Dağlıq Qarabağ məsələsində razılaşmaya çox yaxınıq"

Bakıda Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

 

APA TV-nin məlumatına görə, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak ediblər.

 

Görüşdə regional əməkdaşlıq, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq layihələri əsas müzakirə mövzuları olub.

 

Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarları ilə Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiklərini bildirib: “Kimsə buna dondurulmuş münaqişə deyir. Amma bu, tez həllini tapmalı olan münaqişədir. Çünki insan itkisinə səbəb olur. Sülh yolu ilə həll çox vacibdir. Biz bu çərçivədə həlli dəstəkləyirik. Münaqişənin davam etdirilməsi qəbuledilməz haldır. Münaqişənin dondurulması insanlarda illüziya yarada bilər. Hamı bilməlidir ki, işğalçı hərbi qüvvələr torpaqlardan çıxarılmalıdır. Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk etməlidir”.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ümid etdiyini bildirib ki, atəşkəs razılaşması davam edəcək: “Xüsusilə təmas xəttində tərəflərin bir-birinə etimad etməsi məsələsi vacibdir. Təmas xəttində etimadın bərqərar olması o demək deyil ki, münaqişənin siyasi yolla həllini axtarmamalıyıq. Rusiya hər iki ölkə ilə yaxın olan dövlət kimi əlindən gələni edəcək ki, son illər əldə olunan nailiyyətlər davam etdirilsin. Razılaşmanın bütün komponentləri masa üzərindədir. Biz əslində Dağlıq Qarabağ məsələsində razılaşmaya çox yaxınıq".

 

S.Lavrov deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Qərb ölkələrinə nisbətən daha çox maraqlıdır: "Regionun tranzit strukturu pozulub. İtkilər baş verir. Hər gün snayperlər cəbhənin o biri tərəfindəki snayperlə üz-üzə dayanır. Bu hadisələrin baş verməməsi üçün tədbirlər görülməlidir. Siyasi həll üçün səylər vacibdir". 

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar beynəlxalq hüquq və BMT prinsiplərinə əsasən aparılmalıdır. Ermənistan xarici işlər naziri ilə danışdığını deyən M.Zərif qeyd edib ki, atəşkəs rejimi Qarabağ münaqişəsi siyasi yolla həll olunanadək qüvvədə olmalıdır.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı