Ağ Evin saytında Qarabağla bağlı petisiya açıldı
Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.
APA TV-nin xəbərinə görə, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama administrasiyasına petisiya ilə müraciət açılıb.
Bu gün keçirilən mətbuat konfransında Elxan Süleymanov deyib ki, müraciətdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Qaydalara əsasən, petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır. Artıq 8 300 nəfərin səs verdiyini nəzərə çatdıran Elxan Süleymanov qeyd edib ki, AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş PR kampaniyasına başlayıb. O, hər kəsi informasiya savaşında fəal iştirak etməyə çağırıb: “Biz torpaqlarımızı təxribatdan müdafiə etmişik. Yanlış məlumatların yayılmasına yol verməməliyik. Silahlı Qüvvələrimizin böyük qələbəsi, strateji yüksəkliklərin geri alınması göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəni dayandırmayacaq. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin nəticəsi göz önündədir. Yenə də gəldilər, dedilər ki, danışıqları intensivləşdirəcəyik. Ancaq artıq bütün dünya bildi ki, Azərbaycanın səbri tükənib, ədalətsizliyə dözmür”.
Elxan Süleymanov onu da nəzərə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiə edilməsi, torpaqların işğaldan azad edilməsinin zəruriliyi Türkiyə, Pakistan, Belarus kimi dövlətlərin bəyanatlarında əksini tapıb. Beynəlxalq qurumlara gəlincə, yalnız İslam Əməkdaşlıq Təşkilatı və AŞPA prezidenti Pedro Aqramunt bəyanatlarında Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməli olduğunu vurğulayıb. Daha sonra səs vermək üçün elektron imzalamanın qaydası açıqlanıb.