Kreml: "Dağlıq Qarabağla bağlı bir çox məsələlərə yenidən qayıdılmalıdır"
Rusiya prezidentinin mətbuat katibi Dağlıq Qarabağda son günlər yaranmış vəziyyəti şərh edib. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, Dmitri Peskov münaqişənin dərinləşməsini tənzimlənmə prosesində geriyə atılmış addım olaraq dəyərləndirib.
O, Rusiyanın yaranmış problemin aradan qaldırılması üçün səylərini bundan sonra da davam etdircəyini bildirib.
"Dağlıq Qarabağdakı mövcud vəziyyət stabillikdən uzaqdır. Buna görə də əldə olunan nəticə ilə kifayətlənmək olmaz və heç kim hazırda bunu etmək niyyətində deyil", - deyə Peskov əlavə edib.
Kreml sözçüsü vurğulayıb ki, münaqişə ətrafında vəziyyətin dərinləşməsindən sonra dərhal onun aradan qaldırılması üçün zəmin yaradılması istiqamətində ciddi səylər göstərilir: "Rusiya həm Bakı, həm də İrəvanla tərəfdaşlıq münasibətlərini münaqişənin həlli üçün münbit şərait yaradılması məqsədilə istifadə edir. Bu məqsədlə rəsmi Moskva həm ikitərəfli formatda, həm də beynəlxalq mexanizmlər çərçivəsində fəaliyyətini davam etdirir. Mosvkanın bu məsələdə fəaliyyəti proses iştirakçıları tərəfindən də dəyərləndirilib və biz bu fəaliyyəti davam etdirəcəyik".
Bununla belə, o deyib ki, son günlər münaqişənin yenidən alovlanması onun aradan qaldırılması istiqamətində geriyə addım atılmasına gətirib çıxarıb. "Qaynar toqquşmaların başlanmasına qədər müəyyən işlər görülmüş və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində kifayət qədər müsbət addımlar atılmışdı. Hazırda, təəssüf ki, geri addım atılıb və bir çox məsələlərə yenidən qayıdılmalıdır", - deyə Peskov qeyd edib.