Ermənilər cəbhədə Azərbaycan polisini başından yaraladı
Ermənilərin Goranboyun Tapqaraqoyunlu kəndini atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı yaralanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təmas xəttində atəşkəs elan olunmasına baxmayaraq, düşmən yenə də təxribat əməllərindən əl çəkmir, ordumuzun mövqelərini, yaşayış məntəqələrimizi, dinc əhalini iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv şəkildə atəşə tutur.
Aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov baş nahiyəsindən ağır yaralanıb və təcili olaraq DİN-in general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib. İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya həkimlər tərəfindən cərrahi müdaxilə edilib, bütün digər lazımı tədbirlər görülüb. Hazırda onun vəziyyəti orta-ağırdır.
Aprelin 7-də R.Zeynalova baş çəkən respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev onun səhhəti ilə maraqlanıb, tibb personalına müvafiq göstərişlərini verib.