Bakıda bayraq alışı kəskin artıb - SORĞU

Bayraqları bayraq yapan üstündəki qandır, 

Torpaq - əgər uğrunda ölən varsa, Vətəndir.

 

Aprelin 1-dən etibarən Qarabağ bölgəsində baş verən hadisələr xalqın vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha sübut etdi, vətənə sevginin nə qədər böyük olduğunu gördük.

 

APA TV-nin məlumatına görə, bu günlər ərzində müşahidə olunan ab-hava daha bir məqamla da diqqət çəkdi. İnsanlarımızın dövlət atributlarına olan yüksək münasibəti bir daha təsdiqini tapdı. Kiminin evində, kiminin çalışdığı məkanda, kiminin avtomobilində. Bayrağa olan sevgini hərə bir cür göstərməyə çalışdı. Bu günlərdə paytaxtın demək olar ki, hər tərəfində binalar, ofislər bayraqlarla süsləndi və bu, gözoxşayan mənzərələrin yaranmasına səbəb oldu. İnsanlar keçirdikləri qürur hissini bu cür ifadə etdilər.
 

Bəziləri bayrağa, sadəcə, ofis ləvazimatı kimi baxırdılarsa, indi bu yanaşma da dəyişib. Bunu dəftərxana ləvazimatları dükanlarında sorğu apardığımız zaman satıcılar da təsdiqlədi. Onlar qeyd ediblər ki, bu günlər ərzində demək olar ki, ən çox tələbat bayrağa olub.
 

Ramin Nəcəfov, satıcı: “3 gündür ki, bayraq satışımız yaxşılaşıb. Əvvəlkinə nisbətən, sevgi artıb. Gün ərzində 30-40 bayraq alınır. Ən çox maşınlara və evlərə asmaq üçün istəyirlər. Gənclər və sakinlər çox müraciət edir. Məktəblilər daha çox stolüstü bayraqlar istəyirlər”.


Digər mağazada isə məlum oldu ki, bu günlər ərzində bayrağa olan münasibəti müsbətə doğru dəyişib. Təxminən 200 ədəd bayraq alınıb.

 

Kamran Vəliyev, satıcı: “Əvvəl bir ya iki dənə bayraq alınırdı, yaxud ofisi bəzəmək məqsədi ilə bayraq alınırdı. Amma ayın 1-dən 6-a qədər demək olar ki, hər gün bayraq alınıb. Bu bir daha xalqımızın torpaqlarımız uğrunda mübarizədə şəhidlərimizə verdiyi qiymətin bariz nümunəsidir”.

 

Zaur Ələsgərov, satıcı: “Çox sevinirəm, gənclər, böyükdən-kiçiyə qədər hamı bayrağa üstünlük verir, alır. Bu sevindirici haldır. Təxminən, gün ərzində 100 bayraq satılır. Ölçülərinə görə tələbat da fərqlidir. Kim hansı formada istifadə edəcəksə, bu məqsədlə alır. Məsələn, eyvandan, yaxud maşından asmaq üçün tələblər müxtəlifdir”.

 

Dükanlarla yanaşı, paytaxtda da sorğu aparıb, cəmiyyətdə bayrağa münasibətin dəyişib-dəyişmədiyini öyrənməyə, ümumiyyətlə, “evinizdə bayraq varmı?” sualına cavab almağa çalışdıq. Sorğu nəticəsində məlum oldu ki, əksər insanların evində bayraq var.
 

Göründüyü kimi, insanlar bayrağı sevir və onu qürurla təqdim etməyi bacarırlar. Arzu edirik, bayrağımız daim yüksəklərdə dalğalansın!

 

Müəllif | Apa.Tv
Apa.tv