Mehriban Əliyeva: "Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir"

 

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib. Fondun mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə,  Heydər Məscidində təşkil olunan ehsan mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Vətən torpaqlarının azadlığı uğrunda mübarizədə şəhid olan və yaralanan hərbçilərin anaları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva son günlər qoşunların təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri, həmçinin yaxınları ilə görüşüb.

 

Mehriban Əliyeva şəhid analarına və onların doğmalarına başsağlığı verib, yaralılara şəfa diləyib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

“Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin. Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini göstərir. Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir. Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq"- deyə Mehriban Əliyeva bildirib.

 

Sonra müqəddəs Qurani Kərimdən ayələr oxunub. Qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib.

 

 

 

 

 

Müəllif | Apa.Tv