Masallıda soyuducu anbar yandı
Masallı rayonunun Digah kəndində vətəndaşa məxsus ümumi sahəsi 1648 kv. m olan soyuducu anbarda güclü yanğın baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Yanğın şiddətləndiyindən Cəlilabad, Lənkəran və Biləsuvar rayonlarının hər birindən müvafiq olaraq daha 1 yanğınsöndürən maşın yanğının söndürülməsinə cəlb edilsə də, soyuducu anbarın izolyasiya qatı, soyuducu və içərisinə yığılmış materiallar 1600 kv. m sahədə yanaraq sıradan çıxıb.
Yüksək temperaturdan anbarın yüngül metal konstruksiya örtüyü deformasiyaya uğrayıb. Yaxınlıqdakı istixanalar, inzibati bina və yarımstansiya isə yanğından mühafizə olunub.
Yanğının səbəbləri aparılan araşdırmalar nəticəsində bəlli olacaq.