Bakıda sərxoş sürücü yol polisini xəstəxanalıq etdi
Paytaxtın Nərimanov rayonunda sərxoş sürücü yol polisi avtomobilini vuraraq qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Mahmud Mahmudov "BMW" markalı avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən maşını yol kənarında dayanan yol patrul xidmətinin avtomobilinə çırpıb. Qəza nəticəsində yol polis əməkdaşı Bədir Bədirli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər sınıq xəsarətləri alan yol polis əməkdaşının vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Qəza törədən sürücü Mahmud Mahmudovun sərxoş olması müəyyən edilib. Söhbət zamanı Mahmud Mahmudov baş verən hadisədən xəbərsiz olduğunu bildirib.
Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Qəzanın səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.