Bakıda 2000 manata it satılır! - İT BAZARINDAN REPORTAJ

Onlar bura uzaqdan, materikin o başından, soyuq Sibirdən gətirilib. Yad ölkə, yad mühit, yad sahiblər. Buna öyrəşmək isə o qədər də asan olmur. 4 aylıq olan “Layka”nın indiyədək 4 sahibi olub, hər biriylə 1 ay ancaq yaşaya bilib. Satıcı deyir ki, Laykanın bitməz-tükənməz kaprizləri olduğundan onu alanlar bir müddət sonra geri qaytarırlar. Bu gun də yenidən satışa gətirilib. Özüdə nə az, nə çox 1000 manata. Bu bazar artıq ona yad deyil.

Yeri gəlmişkən, Təzə bazardakı bu heyvan bazarına el arasında "it bazarı" da deyirlər. Hər həftənin bazar günləri saat 08:00-dan 16:00-dək burada müxtəlif növ heyvan və quşların satışı həyata keçirilir. Bazarda alıcıların həddindən çoxluğu diqqətimizdən yayınmadı. Görünür, evlərdə heyvan və quş saxlamağa maraq yüksəkdir. Burada müxtəlif cins it, pişik, və digər heyvanlar satılır. Satıcılar da satdıqları heyvanları ağız dolusu tərifləyirdilər. Tərifləməsələr, od bahasına satdıqları itləri kim alar.

Qiymət demişkən, bazarda ən ucuz itin qiyməti 150 manatdır. Bu rəqəm 1500 manata qədər artır.

Bu gün dəbdə əcnəbi itlər olsa da, Həsən kişi deyir ki, yerli, xüsusi ilə çoban itlərinə maraq hər zaman var. Maraq və tələbat varsa, deməli qazanc da var. İt küçüklərini alıb, həyətində böyüdüb, zaman-zaman bazara çıxarıb para qazanır. Bir sözlə ağsaqqal sözün bütün mənalarında pul qazanmaq üçün it zülmü çəkir. Amma qazancı bir o qədər də az olmur. Bir iti 500- 1000 manata satır.

Satıcılar qiymətlərin baha olmasını itlərin həm cinsi, həm də onların böyüdülməsi zamanı cəkilən xərcin çox olması ilə əsaslandırırlar.

Satıcılar deyir ki, ev itlərinin xarici ölkələrdən ölkəmizə gətirilməsi heç də asan başa gəlmir. Sərhəd keçid məntəqələrindən keçirmək üçün heyvanların sənədlərinin olması vacibdir. Satışa çıxarılanda da alıcılar daha çox həmin sənədləri tələb edirlər.

Və nəhayət "İt bazarı"nın ən bahalı təklifinə rast gəldim. Satıcı alman cinsli itin qiymətini söyləyəndə dəhsətə gəldim. 2000 manat! İti at qiymətinə satırdılar. Amma gərək ki, bu iti alanda kəndirini möhkəm edəsən. Nə it getsin, nə də ip...
 

Müəllif | Apa.Tv