Qarabağ erməniləri: “Sərkisyan satqındır”

Azərbaycanın işğal altında olan ərazilərində yaşayan ermənilər Ermənistan prezidenti Serj Sərkisyanı satqın adlandırıblar. APA TV-nin “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, özünü “Şuşanı azad edən döyüşçülərin xüsusi batalyonu birliyi” adlandıran təşkilat bəyanat yayaraq bildirib ki, prezident Serj Sərkisyanın münaqişə zonasında xarici ölkələrin qoşunlarını yerləşdirmək təklifi satqınlıqdır. “Prezident bu ideya ilə razılaşmaqda davam edir, onun bu mövqeyini isə yalnız bir sözlə ifadə etmək olar - satqınlıq. Heç kimə sirr deyil ki, bölgədə xarici qoşunların Artsaxın itirilməsinə və Ermənistanın suverenliyinin aradan qalxmasına səbəb olacaq. Sərkisyan və sülh yaratmaq naminə bölgəyə xarici hərbi kontingentin yerləşdirilməsi ideyasını müdafiə edən qüvvələr bilməlidir ki, əgər buna cəhd etsələr, xalqın etirazı ilə qarşılanacaq və cəhdləri puça çıxacaq”.

 

Qeyd edək ki, son hərbi əməliyyatlarda erməni tərəfin çoxsaylı itki verməsi Ermənistan cəmiyyətində ciddi narazılıq doğurub, ermənilər sosial şəbəkələrdə yazdıqları şərhlərdə məğlubiyyətə görə Ermənistan hakimiyyətinin cavab verməli olduğunu tələb edirlər. 

Müəllif | Apa.Tv
Apa.tv