Səlim Müslümov: "Son döyüşlərdə şəhid olanların ailələrinə müavinətlər veriləcək"

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 mln. manat ayrılması ilə bağlı prezidentin sərəncamının detallarını açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, nazir qeyd edib ki, bir il öncə ünvanlı sosial yardımın verilməsinin müddəti 1 ildən 2 ilə qaldırılıb. Bu, o deməkdir ki, hətta bu gün hər hansı ünvanlı sosial yardım təyin olunmasa belə, bu gün bazada olan 120 mindən artıq ailə ən azı bir il ərzində ünvanlı sosial yardım almaqda davam edəcək. Bu müddət ərzində həmin ailələrin əməkqabiliyyətli üzvlərinin aktiv əmək bazarına cəlb olunması üçün proqramların tətbiqi istiqamətində işlər həyata keçirilməlidir: "Ötən il nazirlik Beynəlxalq Əmək Təşkilatının xətti ilə Göyçayda bir pilot layihə, Şamaxıda isə Türkiyənin İTECA təşkilatı ilə bir pilot layihə reallaşdırıb. 32 ailənin hər birində bu layihə özünü doğruldub. Ölkə başçısı həmin 6 milyon manatı bunun üçün ayırıb ki, 68 rayonda əlilliyi olan şəxslərə öz bizneslərini qurmağa yardım edək. Hər rayondan təqribən 20 ailə seçiləcək və bu ailələrin hər birinə təxminən 4 000 manat həcmində kiçik bir biznes qurmağa imkanların yaradılması məsələsinə baxılacaq".

 

Səlim Müslümov bildirib ki, bu işdə Azərbaycana Beynəlxalq Əmək Təşkilatı ciddi yardım göstərəcək. Artıq təşkilatla danışıqlar aparılıb. Təşkilatın trenerləri ailələrə dərs keçməyə hazırdır. Onların əmək haqlarını da təşkilat özü verəcək. Beynəlxalq Əmək Təşkilatı Azərbaycanda təqribən 136 treneri formalaşdırmalıdır. Sonra həmin 136 nəfər 68 rayonun hər birində 20 ailəni seçib öyrədəcək. Ailələrin seçilməsinə gəlincə, nazir qeyd edib ki, ilk növbədə ünvanlı sosial yardım alan ailələr seçiləcək.

 

Nazir deyib ki,  son günlər Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar zamanı torpaq uğrunda şəhid olan şəxslərin yaxınlarının, o cümlədən əlil olanların maddi təminatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılacaq. Onlara həm prezident təqaüdləri, həm də müvafiq müavinətlər veriləcək: "Həm onlara prezident təqaüdlərinin, həm müvafiq pensiyaların, müavinətlərin verilməsi, mənzil növbəsinə götürülərək mənzillərlə, maşınlar və digər vasitələrlə təmin olunması prosesləri də həyata keçiriləcək. Bunlara heç bir problem ola bilməz. Mövcud qanunvericilikdə bunlar nəzərdə tutulub".

 

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində könüllü qanvermə aksiyası keçirilib. Aksiya nazirliyin Aparatının və struktur bölmələrinin əməkdaşlarının yüksək fəallığı şəraitində keçib. Aksiya zamanı 400-ə yaxın əməkdaşdan qan götürülüb.  Qeyd edilib ki, hazırda götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

Müəllif | Apa.Tv
Almaz Qasımova