Ermənilər atəşkəsi pozur: top atəşinə məruz qalan Tapqaraqoyunludan REPORTAJ
Hərə öz işi ilə məşğuldur. Evlərinin, həyətlərinin düşmən atəşi altında olmasına baxmayaraq. Həyatlarının hər dəqiqəsinin təhlükədə olmasına baxmayaraq.
APA TV-nin qərb bürosunun xəbərinə görə, Goranboyun təmas xəttində yerləşən, bir neçə gün əvvəl erməni silahlı birləşmələrinin ağır artilleriya hücumuna məruz qalan Tapqaraqoyunlu kəndində həyat öz axarı ilə davam edir.
Aslanovlar ailəsi kəndin erməni silahlı birləşmələrinin gülləsinə tuş gələn ərazisində yaşayır. Ailə başçısı Ümid Aslanov bildirir ki, aprelin 2-dən 5-ə kimi kənd şiddətli atışmaya məruz qalsa da, başqaları kimi o da doğma yurdunu tərk etməyib. Birinci Qarabağ müharibəsinin veteranı Ümid Aslanov bildirir ki, hətta 90-cı illərin əvvəllərində belə Tapqaraqoyunlu kəndi ərazisində bu cür şiddətli döyüşlər getməmişdi: "Ayın 2-si günü səhər saat 4-dən başlayaraq mənfur ermənilər başladı atmağa. Sonra bizim ordumuz onlara elə layiqli cavab verdi, elə şiddətli döyüş getdi ki, həqiqətən də mən belə döyüşü burda görməmişdim. Bizim ordumuza da halal olsun ki, ildırım sürəti ilə onların mövqeyini yarıb keçdi".
Yaşar Əhmədov, kənd sakini: "Ermənilər böyük silahlardan, "Qrad"dan atdılar. Bizim kəndə çox böyük zərər verdilər. Ancaq buna baxmayaraq, bizim kənd camaatı sağ olsunlar, heç kəs kənddən çıxmadı. Hamı kənddədir gördüyünüz kimi. Lazım olarsa, biz də vətən uğrunda döyüşməyə hazırıq".
Azərbaycan Ordusunun əldə etdiyi son qələbə Tapqaraqoyunlu kəndində daha çox hiss olunur. Sakinlərin sözlərinə görə, kəndin elə ərazisi var idi ki, düşmən gülləsi təhlükəsi səbəbindən ora getmək mümkün deyildi. Lakin indi həmin ərazilərdə sərbəst gəzmək olur.
Mənsurə Abbasova, kənd sakini: "Vəziyyət indi lap yaxşıdır. Əvvəlkindən indi yaxşıdır. Halal olsun bizim orduya. Çox sağ olsunlar prezidentimiz başda olmaqla. Biz indi ürəkli yaşayırıq burda. Bayaq dura bilmirdik qapımızda, axşama kimi atırdılar. Mən əsgərlərimizə baxıram, istəyirəm əlimə silah götürüb mən də onlarla bərabər gedəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"
Ümid Aslanov, kənd sakini: "Həqiqətən də neçə illərdir bizim baxa bilmədiyimiz ərazilərdə indi Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Biz ordumuzla fəxr edirik".
Əli Mustafayev, kənd sakini: "Ermənilər gözlərini torpağımıza dikdiyindən əl çəkmək istəmirlər. Nə qədər dövlət çalışsa da, sülh istəsək də, erməni buna məhəl qoymur".
Goranboy rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, aprelin 2-dən 5-ə kimi erməni silahlı birləşmələrinin Tapqaraqoyunlu kəndini artilleriya qurğularından atəşə tutması nəticəsində kənddə 9 fərdi ev tamamilə dağılıb, 39 evə qismən, 32 evə isə az ziyan dəyib.
Şahmar Əhmədov, kənd sakini: "Aprelin 4-dən hərbçilərimizə gücləri çata bilmədikləri üçün onlar iriçaplı toplardan, tanklardan, minaatanlardan kəndi, yerli sakinləri atəşə tutdular. Tapqaraqoyunluda 45-50-yə yaxın ev zərər çəkdi. Bizim evin arxasına bir, evin içinə də bir "Qrad" düşdü".
Mail İsmayılov, kənd sakini: "Evimiz də bu vəziyyətə düşüb. Bir mərmi bura düşüb, biri də ora. Evi də bərbad vəziyyətə salıblar. Ordumuza güvənirik. Ordu demək olar ki, əsl Azərbaycan kişilərindən ibarətdir".
Tapqaraqoyunlu kəndində 2 iaşə obyekti tam, biri isə qismən dağıdılıb. Həmçinin kəndin elektrik, qaz və yol təsərrüfatına da xeyli ziyan dəyib. Ermənilərin atdığı mərmilər həyətyanı sahələrə də ciddi ziyan vurub.
Goranboy rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, dəyən ziyan dəqiqləşdirildikdən sonra Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi ilə birlikdə yararsız hala düşən evlərin bərpası işlərinə başlanacaq.
Qeyd edək ki, atəşkəs rejiminin olmasına baxmayaraq, digər cəbhəyanı ərazilərdə olduğu kimi, Tapqaraqoyunlu kəndi də tez-tez erməni silahlı birləşmələri tərəfindən atəşə məruz qalır.