İsrailli jurnalist: "Erməni vəhşiliyini tanıtmaq üçün səylərimi əsirgəməyəcəyəm"
"Sputnik Azərbaycan" İnformasiya Agentliyində ölkəmizdə səfərdə olan israilli jurnalistlər regionlara təşkil olunan press-turun nəticələrinə həsr olunan mətbuat konfransı keçirib.
APA TV-nin məlumatına görə, "Aziz" İsrail-Azərbaycan Assosiasiyasının baş direktoru Lev Spivak səfərin məqsədi barəsində danışıb.
O bildirib ki, budəfəki səfər çərçivəsində ölkəmizin rayonlarında bir sıra faydalı görüşlər keçirilib. Aparılan danışıqlarda rəhbərlik etdiyi assosiasiya ilə əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. O, həmçinin cəbhədə baş verənlərə də münasibət bildirərək, yaşananların təmsil etdiyi dövlətdə də narahatlıq doğurduğunu qeyd edib: "Cəbhədə son baş verənlər təbii ki, bizi məyus edir. Lakin şəhərdə, insanlarda vətənpərvərlik hisləri olduqca qürurludur. Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə, bu məsələdə ərazi bütövlüyü prinsipi gözlənilməlidir".
Lev Spivak həmçinin İsrail cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə az məlumatlı olduğunu da etiraf edib: "Çox təəssüf ki, cəmiyyətimiz Qarabağ məsələsi barəsində az məlumatlıdır. Bizim insanların bu problem haqqında informasiyasını artırmaq üçün qarşılıqlı səfərlərin böyük önəmi var. Mən və həmkarlarım hesab edirik ki, bu münaqişənin həll olunmasının vaxtı çoxdan çatıb".
İsrailli jurnalist, ölkədə yayımlanan "Radio REKA" radiostansiyasının direktor müavini Viktoriya Dolinski ölkəmizdə gördükləri barədə təəssüratını bölüşüb: "Azərbaycan gündən-günə çiçəklənir və bu, bir bakılı kimi məni çox sevindirir. Yəqin bilmirsiniz, mən özüm Bakıda dünyaya gəlmişəm və buna görə çox sevinirəm. Yəqin ki, bu, bizim Azərbaycana sonuncu səfərimiz olmayacaq".
Xanım Viktoriya Dolinski Qarabağ münaqişəsinə də toxunmağı unutmayıb. O, bu müharibənin canlı şahidi olduğuna da diqqət çəkib: "Mən bu münaqişənin canlı şahidiyəm. Hesab edirəm ki, Dağlıq Qarabağ problemi barəsində həqiqətlərin dünyaya çatdırılması üçün səylər daha da artırılmalıdır. Ölkəmə qayıtdıqdan sonra erməni vəhşiliyi haqqında xalqımızın məlumatlandırılması üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, hər kəs həqiqəti bilməlidir".
Qeyd edək ki, səfər çərçivəsində İsrail nümayəndə heyəti Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovla, eləcə də bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə bir sıra görüşlər də keçirib.