Nofəl Tahirzadəyə həsr olunmuş “İstiqlal müjdəçisi” adlı tədbir keçirildi

Bu gün Azərbaycan İstiqlal Muzeyində istedadlı memar, rəssam, yazıçı, şair və tarixçi Nofəl Tahirzadəyə həsr olunmuş tədbir keçirilib.

 

“Azadlıq verilmir, alınır”. Deyilənə görə, Nofəl Tahirzadə bu cümləni tez-tez işlədərdi. Görünür, onun xatirəsini anmaq üçün təşkil olunan tədbir-sərginin “İstiqlal müjdəçisi” adlandırılmasının səbəblərindən biri də budur.

 

APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi açaraq Nofəl Tahirzadə barədə qısa məlumat verib. Qeyd edib ki, muzeydə vaxtaşırı Azərbaycan tarixində xüsusi iz qoymuş şəxsiyyətlərin xatirəsi anılır.

 

Daha sonra Nofəl Tahirzadənin fotolarından ibarət, eyni zamanda onun şeirlərinin səsləndirildiyi slayd nümayiş olunub. Nofəl Tahirzadənin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadə deyib ki, Nofəl Tahirzadə müstəqil Azərbaycan Ordusu qərargahının sxemini, həmin ordunun Nizamnaməsini hazırlayıb, müstəqil Azərbaycan dövlətinin xəritəsini çəkib, gerbini hazırlayıb, Azərbaycan milli əlifbasını və eksperimental dil hazırlayıb.

 

Filologiya üzrə fəlsəfə doktoru Əsgər Quliyev Nofəl Tahirzadəni böyük ideyalar müəllifi kimi səciyyələndirib. Azərbaycan hərb tarixinin görkəmli araşdırmaçısı Şəmistan Nəzərli isə qeyd edib ki, Nofəl Tahirzadə yaşının az olmasına rəğmən, hərb nəzəriyyəsini geniş araşdırıb, unikal nəticələr əldə edib.

 

Tədbirdə “Nofəl Tahirzadə - müstəqil Azərbaycan dövləti uğrunda mücahid” adlı kitabın təqdimatı da olub. Nəşrin tərtibçiləri Ədalət Tahirzadə və bacısı Zinyət Əlibəyli, elmi redaktoru professor Kərim Şükürovdur. Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının, Azərbaycan Dillər Universitetinin tələbələri, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak ediblər.

 

Sonda isə tədbir iştirakçıları Nofəl Tahirzadənin şəxsi əşyaları, sənədləri və fotoşəkillərindən ibarət sərgi ilə tanış olublar. 

Müəllif | Apa.Tv
Apa.tv