Medvedev: “Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi adi situasiya deyil"
Bu gün Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycana rəsmi səfərə gəlib. APA TV-nin məlumatına görə, D.Medvedevi Rusiya baş nazirinin müavini Dmitri Roqozin və digər rəsmi şəxslər müşayiət edirlər.
Baş naziri qəbul edən prezident İlham Əliyev deyib ki, ölkələr arasında əlaqələr intensiv inkişaf edir. O bildirib ki, Ermənistan silahlı qüvvələri son günlər növbəti dəfə təxribata əl atıb: “Azərbaycan cavab addımı atıb. Rusiyaya ekskalasiyanın dayandırılması yönündə səylərinə görə təşəkkür edirəm. Rusiya prezidenti Vladimir Putin mənə və Ermənistan prezidentinə zəng edib”.
Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilə bilər.
Rusiyanın baş naziri D.Medvedev isə bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: “Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi adi situasiya deyil. Rusiya BMT Təhlükəsizik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin həllinə çalışır. Danışıqlar davam etdirilməlidir. Rusiya bu məsələnin həlli istiqamətində əlindən gələni əsirgəməyəcək”.
Sonra görüş qapalı davam etdirilib.
Məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti Rusiya baş nazirinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüşü olub.
Görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Rusiya hökumətinin sədri Dmitri Medvedev mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan prezidenti Rusiya baş nazirinin Azərbaycana səfərinə önəm verdiklərini deyib: “Biz bu səfərə böyük önəm veririk. Görüşdə ölkələr arasındakı münasibətlər, regional məsələlər, o cümlədən Dağlıq Qarabağda baş verən son hadisələr detallı şəkildə müzakirə olundu”.
Dövlət başçısı bildirib ki, bu səfər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin növbəti təzahürüdür: “Dmitri Medvedevin Azərbaycana səfəri münasibətlərə verilən önəmi göstərir”.
Prezident İlham Əliyev bildirib ki, uzun müddətdir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, o cümlədən ətrafdakı 7 rayon işğal altındadır, 1 milyondan çox məcburi köçkün və qaçqın var: “Münaqişənin tənzimlənməsi ilə bağlı mexanizm və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Təəssüf ki, bu qətnamələr yerinə yetirilmir. Rusiya BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk Qrupunun üzvü kimi mühüm ölkədir. Rusiya prezidenti Vladimir Putin eskalasiyanın qarşısının alınması üçün mənə və Ermənistan prezidentinə zəng etdi”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan atəşkəsə əməl edir, Ermənistanın da atəşkəsə əməl edəcəyinə ümidvardır: “Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır. Biz, sadəcə, torpaqlarımızı və mülki şəxslərimizi qoruyuruq. Azərbaycan münaqişənin sülh yolu illə həllində maraqlıdır və danışıqlar prosesini davam etdirəcəyik. Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərini dəstəkləyirik. İnanırıq ki, "status-kvo" dəyişəcək, Azərbaycan torpaqları işğaldan azad ediləcək. Bundan sonra region çiçəklənəcək, bütün region ölkələri inkişaf edəcək”.
“Rusiya-Azərbaycan münasibətləri strateji, qarşılıqlı faydalı xarakter daşıyır” deyən Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır: “İqtisadi durum sadə olmayan bir dövrdən keçir. İqtisadi əlaqələrin və investisiya qoyuluşlarının daha da inkişaf etdirilməsi vacibdir. Bizim böyük enerji və nəqliyyat layihələrimiz var. Xəzər dənizində və regionunda əməkdaşlıq önəmlidir. Elektroenergetika və humanitar sahələrdə əməkdaşlıq da mühüm istiqamətlərdir. Turizmin inkişafı da gündəlikdə duran məsələdir. Bu səfər nəzərdə tutulmuşdu, ancaq son hadisələrlə əlaqədar səfər daha tez həyata keçirildi və bu, doğru addımdır”.
D.Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir: “Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir. ATƏT-in Minsk Qrupunun üzvü kimi bu istiqamətdə səylərimizi davam etdiririk. İnanırıq ki, bu səylər etimadın bərpa olunmasında və münaqişənin həllində rol oynayacaq. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”.