Meyiti tapılan neftçinin atası: "Gözümüz yoldan çəkildi..."

Bu gün “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçi dəfn olunub.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Xudat şəhər sakini Edik Rivazin oğlu Rzaxanov Xudat şəhərində torpağa tapşırılıb.

 

Dəfn mərasimində SOCAR-ın, rayon icra hakimiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər. Atası Rivazin Rzaxanovun sözlərinə görə, Edik “28 May” NQÇİ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri vəzifəsində çalışırdı: "4 ay 3 gün idi. Gözümüz yoldan çəkildi. Allah sizdən və gələnlərdən razı olsun. 3 övladı qaldı. Birinin 6 yaşı, birinin 4 yaşı, o biri isə 5 aylıqdı".

 

28 May NQÇİ-nin rəisi Rövşən Qarayev isə 17 neftçinin hələ də itkin sayıldığını söyləyib: "Onların da tapılması istiqamətində həm Azərbaycan dövləti tərəfindən, həm də Dövlət Neft Şirkəti tərəfindən intensiv tədbirlər həyata keçirilməkdədir. Ölkə prezidentinin müvafiq sərəncamı, Nazirlər Kabinetinin qərarı, SOCAR-ın prezidentinin müvafiq qərarları əsasında müvafiq yardımlar edilib, edilməkdə də davam edir. Bilirsiniz ki, eyni zamanda bütün bu işçilər Neft Şirkətinin müxtəlif idarələrində çalışırdı. Həmin idarələr tərəfindən onların övladları himayəyə götürülüb və həddi-buluğa çatanadək onlar həmin idarələrinin himayəsində olacaq".

 

Qeyd edək ki, Edik Rzaxanov ötən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir. Onun cəsədi aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilib.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan