Bir qrup əlil “Sınıq Körpü” gömrük postunda dava salıb

Aprelin 8-də gömrük rüsumu ödəməkdən imtina edən bir qrup əlil Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda asayişi pozmağa cəhd göstərib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, minik avtomobilləri ilə Gürcüstan Respublikasından  Azərbaycana kommersiya məqsədi ilə meyvə-tərəvəz gətirən bu şəxslərin avtomobillərinə gömrük baxışı keçirilib.  Yoxlama zamanı gömrükçülər  hər bir avtomobildə 80-100 kiloqram meyvə-tərəvəz yükünün olduğunu müəyyən edib  və minik avtomobillərinin sahiblərinə qanunvericiliyin müvafiq tələbləri barədə məlumat verərək dövlət büdcəsinə çatacaq gömrük  vergi və rüsumlarının ödənilməsini tələb ediblər. Ancaq həmin avtomobillərin sürücüləri  gömrükçülərin və qanunun tələblərinə məhəl qoymadan kütləvi şəkildə gömrük vergi və rüsumlarını ödəməkdən imtina ediblər. Üstəlik  gömrükçülərin dəfələrlə apardıqları izahat işlərinə baxmayaraq həmin şəxslər vəzifə borcunu yerinə yetirən gömrük orqanı əməkdaşlarına qarşı qeyri-etik davranışlar nümayiş etdirməklə asayişi pozmağa çalışıblar.

 

Asayişi bərpa etmək məqsədilə Tovuz  Gömrük İdarəsinin rəhbərliyi əraziyə hüquq-mühafizə orqanlarının nümayəndələrini dəvət edib.

 

Müəllif | Apa.Tv