Brüsseldəki “papaqlı terrorçu” da tutuldu

Fransanın paytaxtı Parisdə və Belçikanın paytaxtı Brüsseldə törədilmiş terror aktlarına görə 5 nəfər saxlanılıb. APA TV-nin məlumatına görə, faktı Belçika prokurorluğu təsiqləyib.

 

Saxlanılan şübhəlilərdən ikisinin adı məlumdur. Bunlar Üsəma Krayem və Məhəmməd Abrinidir.

 

Prokurorluğun nümayəndəsi bildirib ki, Üsəma Krayemin Brüsseldəki “Malbek” metro stansiyasında terror aktı törədən ikinci şəxs olub-olmadığı yoxlanılır. Onu metrodakı terroru həyata keçirən Xalid əl-Bakraui ilə birlikdə görüblər

 

Bundan başqa, həmin şəxs Brüsseldəki ticarət mərkəzindən çanta alarkən müşahidə kameralarına düşüb. Brüssel hava limanında terror aktının törədilməsində həmin çantadan istifadə edilib.

 

Saxlanılanlardan Məhəmməd Abrini ilə də bağlı ciddi şübhələr var. Onun Brüssel hava limanında terror aktı törədən üçüncü şəxs olduğu ehtimal edilir. İstintaq Məhəmməd Abrininin görüntülərdəki papaqlı adam olmasından şübhələnir. Onun barmaq izləri Parisdə 2015-ci ilin noyabrındakı terror hücumunda istifadə olunan avtomobildə də aşkarlanıb. Məlumata görə, Məhəmməd Abrini Paris terrorunun əsas şübhəlisi Salah Abdeslamın yaxın adamı olub. O, 2014-cü ilin noyabrında Belçika hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib.

 

Xatırladaq ki, martın 22-si səhər saatlarına Brüsselin hava limanında iki partlayış baş verib. Bir qədər sonra “Malbek” metro stansiyasında üçüncü partlayış qeydə alınıb. Nəticədə 31 nəfər ölüb, 340 nəfər xəsarət alıb .

 

Müəllif | Apa.Tv
Apa.tv