Torpaq uçqunu, yol yenə bağlandı!

Son günlər yağan intensiv yağışlar Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində torpaq uçqununa səbəb olub. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Dağdan qopan torpaq kütləsi eni 6 metr olan şose yolunun tamamilə bağlanmasına səbəb olub. Nəticədə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.


Hadisə yerinə Lerik rayon 43 saylı Yol İstismar İdarəsinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yolda nəqliyyatın hərəkəti qismən bərpa olunub. Hazırda bərpa-təmizlənmə işləri davam etdirilir.

Qeyd edək ki, bu, Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində baş verən ilk uçqun hadisəsi deyil. Bundan əvvəl də yolda dəfələrlə analoji hadisələr qeydə alınıb.

 

Müəllif | Apa.Tv