Çobanzadə küçəsinin daha bir hissəsi təmir olundu
Bakının Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsi təmir olunub.
"Azəravtoyol" ASC-dən APA TV-yə verilən məlumata görə, sözügedən hissənin uzunluğu 780 metr, eni isə 14 metrdir.
Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılıb, köhnə səki daşları sökülüb, köhnə asfalt-beton örtüyünün yenilənməsi həyata keçirilib. Ümumilikdə 2 qat olmaqla 11 min kv. m sahə asfaltlanıb. Küçə boyu yeni səki daşı düzülüb, kommunikasiya xətlərinin baxış qapaqları və yağış barmaqlıqları yeniləri ilə əvəzlənib. İşlər çərçivəsində mövcud olan piyada səkiləri də bərpa olunaraq asfaltlanıb.
Avtonəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə sözügedən hissədə 3 xüsusi “cib”li dayanacaq tikilib. “Cib”lərin uzunluğu 15 metr, eni isə 3,5 metrdir.
“Azəravtoyol” rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Qeyd edək ki, növbəti mərhələdə küçənin Babək prospektinə qədər olan hissəsinin də təmir edilməsi nəzərdə tutulub.