Fransada azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib, yaralananlar var
Aprelin 9-da Ermənistanın Parisdəki səfirliyinin önündə Ermənistan ordusunun Azərbaycan-Ermənistan qoşunlarının təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib.
APA TV-nin xəbərinə görə, aksiya Paris Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutub. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı zorakılıq törətməsi ilə qane olmayaraq, Paris küçələrinə zorakılıq gətirməkdən də çəkinməyib.
Belə ki, 20-dən artıq maskalı ermənilərdən ibarət bir qrup ekstremist dəmir dəyənəklər, şüşə qırıntıları, gözə püskürtmək üçün kimyəvi maddələrlə (ammonium - gözyaşardıcı qaz) və digər küt alətlərlə silahlanaraq 200-dən artıq azərbaycanlı, Azərbaycanın dostları və beynəlxalq hüquq tərəfdarlarına qarşı zorakılıq tətbiq ediblər. Azərbaycan icmasının bu sülhpərvər aksiyası zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu, Daşnak partiyasının gənclər qanadı olan "Nor Serund" təşkilatının üzvləri aksiya yerinə yaxınlaşıb, əllərində terrorçu təşkilatlar olan ASALA və PKK-nın bayraqlarını tutaraq təxribat törədib.
Fransa çevik polis alayı ermənilərin hücumunu dəf edib. Yaralılara yardım etmək üçün təcili tibbi yardım çağırılıb. Altıya yaxın azərbaycanlı yaralanıb, onlardan ikisi gözlərinə gözyaşardıcı qaz püskürüldüyü üçün təcili yardım tərəfindən xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, etirazçılar “Sarkisyan - müharibə cinayətkarıdır”, “Erməni terrorçuları”, “Ermənilər - Qarabağı tərk edin” və “Xocalıya Ədalət” kimi şüarlar səsləndiriblər. Aksiya zamanı Azərbaycanın Dövlət Himni və Qarabağ şikəstəsi səslənib.