Şəhidlərimiz torpağa tapşırılır
ZAQATALA. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü Sərxan Oqtay oğlu Bayramov dəfn edilib.
APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, S.Bayramov doğulduğu Zaqatala rayonunda torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların və ictimaiyyət nümayəndələri iştirak edib.
KÜRDƏMİR. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuş müddətdən artıq hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Tural Gülsad oğlu Qurbanov Kürdəmirdə torpağa tapşırılıb.
APA TV-nın yerli bürosunun xəbərinə görə, şəhid doğulduğu Sığırlı kəndində dəfn edilib.
Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin nümayəndələri, hərbçilər, millət vəkilləri, minlərlə rayon sakini iştirak edib.
Qeyd edək ki, şəhid Tural Qurbanov ailəli idi, iki qız övladı var.
ŞƏKİ. Qoşunların təmas xəttində düşmən təxribatlarının qarşısını alarkən şücaət göstərərək şəhid olan Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü baş leytenant Elnur İsgəndər oğlu İsgəndərov bu gün doğulduğu torpağa tapşırılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəsmiləri, şəhər rəhbərliyi, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, minlərlə rayon sakini iştirak edib.
Şəhid Elnur İsgəndərov yaylım atəşləri altında torpağa tapşırılıb.
Qeyd edək ki, Elnur İsgəndərov evli idi, beş aylıq körpəsi var.
İMİŞLİ. Ermənilərlə döyüşdə şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1989-cu il təvəllüdlü Cavid Gülbaba oğlu Dədəkişiyev anadan olduğu İmişli rayonunun Qaralar kəndində dəfn edilib.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, dəfn mərasimində rayonun icra və digər strukturlarının, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak edib.
Şəhidin tabutuna çəkilən dövlət bayrağı atasına təqdim olunub.
NAFTALAN. Ordumuzun Talış kəndi istiqamətində şəhid olan kapitanı, 37 yaşlı Vaqif Dilqəm oğlu Bayramov Naftalanda torpağa tapşırılıb.
APA TV-nın qərb bürosunun xəbərinə görə, üç övlad atası olan Vaqif Bayramov Naftalan şəhər qəbiristanlığında dəfn edilib.
Bayramov ailəsinin ikinci şəhidinin dəfn mərasimi əsl ümumxalq hüznünə çevrilib. Ailənin digər oğlu Mehman isə 1992-ci ildə Ağcakənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Dəfn mərasimində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, yüksək rütbəli zabitlər, şəhidin xidmət etdiyi hərbi hissənin heyəti, şəhər icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Vaqif Dilqəm oğlu Bayramov əsgərlərin yaylım atəşi altında, şəhid qardaşı Mehmanın məzarının yanında torpağa tapşırılıb. Cənazəsinə bürünmüş Azərbaycan bayrağı şəhidin atasına təqdim olunub.
TOVUZ. Cəbhədə gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olan gizir, 1994-cü il təvəllüdlü Mirsalam Təvəkkül oğlu Cəfərov doğulub boya-başa çatdığı Tovuz rayonunun Bayramlı kəndində dəfn olunub.
APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, mərasimdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Mirsalam Cəfərov ailənin sonbeşiyi olub. Türkiyədə hərbi təhsil alıb cəbhəyə yollanan gənc hər zaman cəsurluğu ilə seçilib.
Yaylım atəşı altında dəfn edilən şəhidin tabutu üzərinə sərilən üçrəngli bayraq atası Təvəkkül Cəfərova təqdim olunub.
MİNGƏÇEVİR. Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu, 1993-cü il təvəllüdlü çavuş Adil Kamran oğlu Adilzadə aprelin 11-də doğulduğu Mingəçevir şəhərində dəfn edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu olan kiçik çavuş, şəhid Adil Adilzadənin nəşi Mingəçevirdəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak edib. Adil Adilzadənin qulluq etdiyi hərbi hissənin bölük komandiri məlumat verib ki, o, döyüş tapşırığını yerinə yetirən zaman 17 erməni hərbçisini məhv edərək qəhrəmancasına şəhid olub. Mərasimdə “Qarabağ bizimdir, bizim olacaq, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
ASTARA. Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan giziri, 1981-ci il təvəllüdlü Pəncəli Nurməmməd oğlu Teymurov bu gün doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.
APA TV-nin cənub bürosunun xəbərinə görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə 1999-cu ildən hərbi xidmətdə olan Pəncəli Teymurovun 2015-ci ildə ölkə prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunduğu bildirilib. Şəhid yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.