Güclü külək Xaçmazda bir sıra fəsadlar törətdi
Ötən gün səhər saatlarından başlayaraq əsən güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.
APA TV-nin şimal bürosunun məlumatına görə, külək Xaçmazın elektrik təsərrüfatına ziyan vurub. 0,4 və 10 kilovoltluq hava xətlərində yaranan problemlərlə bağlı bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranıb.
Xaçmaz rayonu ərazisində bir neçə ağac kökündən qoparaq elektrik və rabitə xətlərinin üzərinə düşüb. Şəhərin bəzi küçələrində şam ağacları aşıb.
Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsini külək uçurub.
Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.