Şəhid pilotun oğlu: "Atam mənim qəhrəmanımdır" - VİDA MƏRASİMİ
Bu gün səhər saat 9.00 radələrindən Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində böyük izdiham yaşanıb.
APA TV-nin məlumatına görə, aprelin 2-də erməni təxribatının qarşısını alarkən düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olmuş qəhrəman pilotlarımız - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Əbu Bəkir İsmayılov və düşmənlə döyüşlərdə qəhrəmanlıqla həlak olmuş digər hərbçimiz - Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə bu gün vida mərasimi keçirilib.
Vida mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, deputatlar, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin ailə üzvləri onlarla fəxr etdiklərini bildirib, qanlarının yerdə qalmayacağına inandıqlarını vurğulayıblar.
Onur Musazadə, şəhid Təbriz Musazadənin oğlu: "Mən atamla fəxr edirəm, ona layiqli övlad olacağam. O, mənim qəhrəmanımdır".
Güllübəyim Mirzəyeva, şəhid Murad Mirzəyevin anası: "Murad gedəndə "ana, salamat qal" demişdi. Sonuncu dəfə martın 28-də danışmışdım. Elə həmişə elə deyərdi. Bu dəfə də elə dedi və getdi. Sonra da yoldaşı ilə danışıb. Vəssalam".
Könül Vəlizadə, şəhid Urfan Vəlizadənin həyat yoldaşı: "Qoy bütün dünya bilsin ki, Azərbaycan torpağı necə oğullar böyüdüb. Nəinki doğmaları, əzizləri, eləcə də bütün tanıyanlar Urfanla fəxr duyur. Onun ardınca getməyə bu gün hamı hazırdır. Urfan çox vətənpərvər idi. Yaxşı ata, gözəl ailə başçısı idi. Bütün şəhidlərə Tanrıdan rəhmət diləyirəm. Mən bircə onu istəyirəm, xahiş edirəm ki, bu torpaq uğrunda hamı qalxsın. Heç kəs unutmasın bizim qəhrəmanları".
Şəhid Əbu Bəkir İsmayılovun həyat yoldaşı: "Qürur duyuram onun adı ilə. Vətənə layiqli bir insan idi. Varlığı ilə vətənə bağlı idi".
Vida mərasimində çıxış edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, bu gün burda danışmaq ağır və çətindir: "Ancaq biz həqiqəti deməliyik. Yüz illərlə bizim millətə qarşı ermənilər cinayət, soyqırımı törədiblər. Əgər biz bunların qarşısını almasaq, onlar yenə davam edəcəklər: Mən burda xüsusi qeyd etmək istəyirəm ki, bizim şəhidlərimiz bütün dünyaya sübut etdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Silahlı Qüvvələr Ali Baş Komandan başda olmaqla öz müqəddəs borcunu yerinə yetirəcək. Ulu öndər Heydər Əliyevin sözlərini təkrar etmək istəyirəm: "Azərbaycan Ordusunun hər bir əsgəri, hər bir zabiti bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa olunmalıdır". Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə yüksək ruh var. Silahlı Qüvvələr Azərbaycan xalqının etimadını doğruldur. Mən xüsusi qeyd etmək istəyirəm ki, şəhidlərin qisası alınacaq və bizim torpaqlar işğaldan azad olunacaq. Allah rəhmət eləsin!"
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid hərbçilərimiz yaylım atəşi altında son mənzilə yola salınıb.
Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzindən başlayan izdiham II Fəxri Xiyabanadək davam edib.
Azərbaycanın şəhid olan pilotları - mayor Təbriz Musazadə, mayor Ürfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev II Fəxri Xiyabanda dəfn ediliblər.
Dəfn mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, millət vəkilləri, ziyalılar, şəhidlərin doğmaları, sadə vətəndaşlar iştirak ediblər.
Yaylım atəşi açılıb, şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə əklillər və güllər düzülüb.