Londonda Ermənistana qarşı aksiya keçirildi

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Böyük Britaniyada yaşayan diaporumuzun fəalları və burada təhsil alan tələbələrimiz, beynəlxalq hüquq müdafiəçiləri Londonun mərkəzində etiraz aksiyası keçiriblər.

 

APA TV-nin xəbərinə görə, sanksiyalaşdırılmış etiraz aksiyası London sakinlərinin və turistlərin əsas gəzinti yeri olan Trafalqar Meydanından başlayıb.

 

Tədbir iştirakçıları Vaythol küçəsindən 10-cu Dauninq küçəsində yerləşən Böyük Britaniyanın baş naziri Devid Kemeronun iqamətgahına doğru yürüş ediblər. Aksiya iştirakçıları baş nazir Devid Kemerona müraciət edərək, Ermənistana 20 ildən artıq işğal etdiyi Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonundan hərbi qüvvələrini çıxarmayana qədər ona qarşı iqtisadi sanksiyalar tətbiq etməyə çağırış ediblər. Yürüş iştirakçıları tərəfindən qəbul olunmuş rəsmi müraciət baş nazir Devid Kemeronun poçtuna atılıb. 400-dən artıq etirazçının iştirak etdiyi tədbir beynəlxalq media tərəfindən işıqlandırılıb. Aksiyada Londondakı türk, qazax, özbək və qırğız diasporunun nümayəndələri də iştirak edib.

 

Tədbir iştirakçıları həmçinin aprelin 9-da Parisdəki Ermənistan səfirliyi qarşısında azərbaycanlıların keçirdiyi etiraz mitinqində ermənilərin dinc insanlara qarşı hücum etməsini də pisləyiblər. Əllərində plakat və Azərbaycan bayraqlarını tutan aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində tutduğu ədalətli mövqeyə dəstək olduqlarını ifadə ediblər. Aksiyada “Ermənistanın ASALA terrorçuları və əsgərləri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidirlər”, “Biz ədalət tələb edirik!”, "Qarabağ Azərbaycandır!", "Qarabağ Azərbaycana məxsusdur!", “Ermənistan Azərbaycandan rədd olsun!” “Ermənistan etnik təmizləmədə günahkardır”, “Ermənistan prezidenti - MÜHARİBƏ CİNAYƏTKARIDIR”, “Sarkisyan, əllərin qan içindədir!” şüarları səslənib.

Müəllif | Apa.Tv
Apa.tv