Telefon oğrusu: “Götürdüm, dedim vermirəm...”

Daxili işlər orqanları mülkiyyət əleyhinə olan, xüsusən soyğunçuluq və quldurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində bir neçə əməliyyat-axtarış tədbiri həyata keçirib.

 

APA TV-nin məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin (RPI) 22-ci Polis Bölməsinə (PB) rayonun D.Əliyeva küçəsində naməlum şəxsin Bakı şəhər sakini Orxan Sultanova zor tətbiq edib, mobil telefonunu alması barədə məlumat daxil olub.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Əli Məmmədov tutularaq istintaqa təqdim edilib. Saxlanılan şəxs cinayətini etiraf edib: “Aprelin 2-də “Beşmərtəbə” ərazisində tanıdığım şəxsdən telefonu aldım, sonra qaçıb getdim. Telefonu satdım”.

 

Bölmə əməkdaşlarının keçirdiyi başqa bir əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayəti törətməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb. Belə ki, keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakini Elməddin Abdullayev tutulub. O, rayon ərazisində soyğunçuluq yolu ilə bir nəfər şəxsin mobil telefonunu ələ keçirib: “Kafedə oturmuşduq. Çıxanda dedim ki, səninlə işim var. Gətirdim “Qarabağ” mehmanxanasının yanına. Telefonunu aldım, dedim baxıb qaytaracağam. Alandan sonra dedim ki, vermirəm. İstədi. Dedim gəl yuxarı, səninlə işim var. Yuxarı qalxandan sonra yerdən şüşə götürdüm, dedim vermirəm”.

 

Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonunda yerləşən mağazalardan birindən oğurluq edən paytaxt sakini Ceyhun Rzayev saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, C.Rzayevin oğurluq etməsi obyektin mühafizəçisinin diqqətindən yayınmayıb. Bu səbəbdən saxlanılan şəxs hadisə zamanı onun qarşısını almaq istəyən mühafizəçiyə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirib: “Oğurluq elədim. Çıxanda “oxran” yaxınlaşdı mənə. Saxlayıb üstümü yoxlamaq istəyirdi. Mən də onu qorxutmaq üçün bıçaq çıxartdım. Əl atdı, tutdu bıçaqdan. Əli kəsildi, qaçıb getdim”.

 

Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

 

Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nin 22-ci PB-nə müraciət edə bilərlər.

Müəllif | Apa.Tv
Apa.tv