Masazırda oğru “iş başı”nda ələ keçdi
Abşeron Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib.
APA TV-nin məlumatına görə, gecə saatlarında Masazır qəsəbəsi, “Yoncalıq” yaşayış massivində yerləşən və xüsusi texniki vasitələrlə qorunan 17 saylı fərdi yaşayış evindən rayon mühafizə idarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal idarənin xidmətdə olan tutucu qrupunun əməkdaşları hadisə yerinə yollanıb. Baxış zamanı mənzilin dəhliz hissəsindəki dəmir barmaqlıq və pəncərənin naməlum şəxs tərəfindən sındırıldığı və oğurluğa cəhd olduğu müəyyən edilib. Həmin şəxs hadisə yerindən qaçmaq istəyərkən saxlanılaraq, aidiyyəti üzrə polis orqanına təhvil verilib. Araşdırma zamanı həmin şəxsin əvvəllər məhkum olunmuş Xocavənd rayon sakini Bəxtiyar Aslanov olduğu məlum olub.
Faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu ilin ilk rübündə DİN Baş Mühafizə İdarəsinin idarə, şöbə və bölmələri tərəfindən paytaxt Bakı, o cümlədən, digər şəhər və rayonlarda 50-yə yaxın oğurluq hadisəsinin qarşısı vaxtında alınıb.