Özgəcan Aslanın qatili həbsxanada öldürüldü
Türkiyənin Mersin şəhərində öldürülən universitet tələbəsi Özgəcan Aslanın qətlində təqsirli bilinən Əhməd Sübhi Altındökən və atası Nəcməddin Altındökən cəza çəkdikləri həbsxanada silahlı hücuma məruz qalıblar.
APA TV-nin məlumatına görə, sinəsindən vurulan Əhməd Sübhi Altındökən dünyasını dəyişib.
Özgəcan Aslanın qətli ilə əlaqədar ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılan Əhməd Sübhi Altındökən və atası Adanadakı Kürkçülər həbsxanasında saxlanılırdı.
Ata və oğul güllələndikdən sonra xəstəxanaya çatdırılıb. Xəsarəti ağır olan Əhməd Sübhi Altındökənin həyatını xilas etmək olmayıb. Onun atası isə sağ qalıb və hazırda xəstəxanadadır.
Hadisənin təfərrüatının üzə çıxarılması üçün araşdırmalara başlanılıb. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın tapşırığı ilə həbsxanaya komissiya göndərilib. Məlum olub ki, ata və oğul eyni kamerada saxlanılırmış.
Türkiyə baş nazirinin müavini və hökumətin sözçüsü Numan Kurtulmuş baş vermiş hadisəyə münasibət bildirib. O, həbsxanada məhkumun öldürülməsinin qəbuledilməz olduğunu deyib.
Xatırladaq ki, 2015-ci il fevralın 11-də yoxa çıxan 20 yaşlı tələbə Özgəcan Aslanın mindiyi avtobusda öldürüldüyü məlum olmuşdu. Onun meyiti hadisədən iki gün sonra tapılmışdı.
Məlumata görə, avtobusun sürücüsü Əhməd Sübhi Altındökən Özgəcan Aslanı zorlamağa cəhd edib, qız müqavimət göstərdikdə isə onu qətlə yetirib. Daha sonra avtobus sürücüsü, onun atası və dostu 20 yaşlı tələbənin meyitini meşəyə apararaq yandırıblar.
Özgəcanın qətli Türkiyədə qəzəbə və kütləvi aksiyalara səbəb olmuşdu. Minlərlə qadın həmcinslərinin məruz qaldığı zorakılığa qarşı hökumətin yetərli tədbirlər görmədiyini əsas gətirərək, küçələrə çıxmışdı.