Ağstafada dəhşətli qəza: 1 ölü, 6 yaralı
Ağstafada bir nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Bakı-Qazax magistral yolunun Ağstafa rayonunun Qırlı kəndi ərazisində qeydə alınıb.
“Ford Tranzit” markalı mikroavtobusla “Opel”in toqquşması nəticəsində “Opel”in sürücüsü, Göygöl rayon sakini, 37 yaşlı Ceyhun Əhəd oğlu Əliyev ağır bədən xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
“Ford Tranzit” də olan Göygöl rayon sakinləri - 46 yaşlı Mahir İmanquliyev, onun qızları - 24 yaşlı Maqiyə və 22 yaşlı Raziyə, həmçinin Gəncə şəhər sakinləri - 34 yaşlı Asim Məmmədov, 35 yaşlı Elsevər Kazımov və 36 yaşlı Asif Fərəcov müxtəlif bədən xəsarəti ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.